Rusiya prezidenti Vladimir Putin bu gün hərbçilər qarşısında Suriyada keçirilən əməliyyatın nəticələri haqda danışıb və yeni müdaxilə ilə hədələyib.
Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Suriya əməliyyatlarının 33 milyard rubla başa gəldiyini, bu vəsaitin Müdafiə Nazirliyinin büdcəsində əvvəlcədən hərbi hazırlıq və təlimlərin keçirilməsi üçün nəzərdə tutulan vəsaitdən yönəldildiyini deyib.
"Əlbətdə, Suriyadakı hərbi əməliyyatlar müəyyən xərclər tələb edib, ancaq bu vəsaitin əsas hissəsi Müdafiə Nazirliyinin pulları idi. Əlbətdə, gələcəkdə daha çox xərcə düşməmək üçün bu əməliyyatlar müəyyən xərc tələb edirdi. Ancaq Suriyadakı əməliyyatlara çəkilən xərclər özünü tamamilə doğruldub"-Putin Suriya əməliyyatlarında iştirak etmiş hərbçilər qarşısında çıxışı zamanı bildirib.
Rusiya prezidenti deyib ki, Moskva bundan sonra da Suriyada Bəşər Əsədə kömək edəcək. Bu kömək kəşfiyyat və maliyyə dəstəyi formasında davam edəcək. O cümlədən kosmosdan kəşfiyyat dəstəyi göstəriləcək. Habelə Putin S-400 və "Pantsir-F" zenit-raket komplekslərinin Suriyada döyüş növbəsini davam etdirəcəyini deyib.
O, qeyd edib ki, Rusiya hərbçiləri Suriyadakı hərbçilərinə qarşı istənilən hücumu dəf edəcək. "Bizim HHM sistemlərimiz Rusiya hərbçiləri üçün təhdid kimi qəbul ediləcək istənilən hədəfə qarşı tətbiq ediləcək. Bir daha qeyd etmək istəyirəm-istənilən hədəflərə!"-Putin bildirib.
"Əgər tələb olunacaqsa Rusiya cəmi bir neçə saat ərzində regiondakı hərbi qruplaşmasını yaranmış situasiyaya uyğun ölçülərdə artırmaq imkanındadır və bu zaman biz əlimizdə olan bütün imkanlardan istifadə etməyə hazırıq"-Putin əlavə edib.
Rusiya prezidenti vurğulayıb ki, hərbi qüvvələrin Suriyadan çıxarılması planı barədə Bəşər Əsəd əvvəlcədən məlumatlandırılmışdı və plan razılaşdırılmışdı. Və Bəşər Əsəd də bu planı dəstəkləyib. Putinin sözlərinə görə, Suriya əməliyyatlarında qarşıya qoyulmuş vəzifə "terrorçularla mübarizə və onların Rusiya ərazisinə keçməsinin qarşısının alınması" olub. Və bu vəzifə əsasən yerinə yetirilib. "Biz əvvəlcədən birbaşa demişdik ki, Suriyadaxili münaqişəyə qarışmaq fikrimiz yoxdur"-Putin vurğulayıb.
 
Virtualaz.org