İlkin yardımın düzgün göstərilməməsi ağırlaşma və ölüm sayını artırır. Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında baş həkim, dosent Dr. Asiman Həsənovun rəhbərliyi ilə ilkin yardım haqqında maarifləndirmə və təcrübələrin artırılması, tibbi təcili yardım şöbəsinin fəaliyyətinin genişləndirilməsi mövzusunda tədbir keçirilib. Baş həkim ilkin həyat dəstəyi, təcili yardım tədbirləri, reanimasyon tədbirlərin aparılması, savadlı tələbə və rezidentlərin, gənc mütəxəssislərin yetişdirilməsi, onların təcrübələrinin artırılması ilə bağlı nəzərdə tutulan gələcək planlar haqqında məlumat verib.
Qeyd edilib ki, bu gün üçün istehsalat, yol-nəqliyyat, məişət travmaları nəticəsində ilkin tibbi yardımın düzgün göstərilməməsi ilə bağlı kifayət qədər ölüm halları baş verir. Bunların qarşısını almaq üçün insanların maarifləndirilməsinin vacibliyi vurğulanıb. Bununla bağlı Tibb Universitetində 5 illik planın nəzərdə tutulduğu qeyd olunub. Həkim Hafiz Həsənov beynəlxalq standartlarda təcili yardım şöbəsinin quruluşu, fəaliyyət planı, protokollar, yanaşmalar haqqında məlumat verib. Daha sonra təcili yardım şöbəsinin fəaliyyətinin genişlənidirilməsi haqqında mütəxəssislər tərəfindən fikirlər səsləndirilib və hər kəs tərəfindən bu addımlar müsbət qiymətləndirilib. Klinikanın təcili yardım şöbəsinin dünya standartlarına uyğun hazırlandığı vurğulanıb. Bildirilib ki, xəstəxana girişində əməliyyatxana, reanimasiya, ayıltma palataları, ilkin tibbi yardımın görülməsi zalları, diaqnostik müayinələrin aparılması şəraiti təmin olunub.