Erməni girovluğunda saxlanan Şahbaz Quliyev Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ona baş çəkib ailəsindən məktub çatdırdığı zaman, cavab məktubu yazmaqdan imtina edib.
Unikal.org xəbər verir ki, bu barədə ans press-ə girovun bacısı İradə Quliyeva məlumat verib.
Onun sözlərinə görə, martın 10-da BQXK əməkdaşları qardaşına və Dilqəm Əsgərova baş çəkib hər ikisinin məktubunu çatdırıblar. Dilqəm məktub yazsa da, Şahbaz cavab yazmaqdan imtina edib: "O, bizə sonuncu dəfə yanvar ayının 29-da məktub yazıb. Ondan sonra iki dəfə məktub yazsam da cavablandırmır. BQXK əməkdaşları isə bizə sadəcə onun cavab yazmadığını deyirlər. Onun məktub yazmaması bizi narahat edir. Taleyindən nigaranıq".
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, saxlanan şəxslərin ailələrinə məktub yazıb-yazmaması qurumun səlahiyyətində olan məsələ deyil: "Əməkdaşlarımız saxlanan şəxslərin hansı səbəbdən məktub yazmaması ilə maraqlanmır. Biz sadəcə yazılan məktubları çatdırırıq və ailələrinə onların saxlanma şəraiti və vəziyyəti barədə məlumat veririk".
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüblər. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.