Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasından sonra iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğundur.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa deyib.
Onun sözlərinə görə, iş vaxtının təyinində günün işıqlı hissəsi üçün "axşam-səhər" simmetriyasınin gözlənilməsi tövsiyə edilir.
Alim qeyd edib ki, regionda vaxt düzgün seçilmişdirsə, Günəş saat 12-də kulminasiyada olmalıdır.
T.Paşanın sözlərinə görə, yay-qış vaxtına keçid günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu, ekvatora yaxın, şimal və cənub qütblərinə yaxın reqionlarda da aktual deyil. Yay-qış vaxtına keçid bir neçə saat qurşağında yerləşən ölkələr, məsələn, 9 qurşaqda, 4 en dairəsində yerləşən Rusiya üçün aktual ola bilər. Ancaq Rusiya 2011-ci ilin fevralından birdəfəlik qış vaxtını qəbul etməklə yay-qış vaxtına keçiddən imtina edib.
Alim əlavə edib ki, Azərbaycan cəmi bir en dairəsinin çox az bir hissəsində, cəmi 1 saat qurşağında yerləşir. Azərbaycanda ən ucqar koordinatlar, məsələn, Bakı ilə Ağstafa arasında vaxt fərqi cəmi 14 dəqiqəyə yaxındır: "Azərbaycanda ən qısa günlərin olduğu dekabr ayında da işıqlı havanın olduğu müddət 9 saatdan az deyil. Yəni Azərbaycan üçün işığa qənaət etmək aktual deyil. Digər tərəfdən, aparılan araşdırmalar zamanı yay vaxtının tətbiqi ilə əlaqədar elektrik enerjisi xərclərinə edilən qənaətin məbləği də elə böyük deyil".
T.Paşa deyib ki, yay vaxtına keçidin ləğvinin iqtisadi xeyir verəcəyindən danışmaq düzgün deyil. Amma indiyədək yay-qış vaxtının tətbiqinin də iqtisadi effekti haqqında mütəxəssislər, xüsusən iqtisadçılar tərəfindən təsdiq olunmuş və hamı tərəfindən qəbul olunmuş ciddi arqumentlər olmayıb.
Onun sözlərinə görə, yay-qış vaxtına keçid məsələsi hər bir ölkənin milli maraqları mövqeyindən həll olunmalıdır.
Hazırkı vaxtı, yəni qış vaxtının saxlanılmasını Azərbaycan üçün ən optimal variant sayan T.Paşa əlavə edib ki, yay-qış vaxtına keçilməsinin çox ciddi fəsadları var idi. Bu, məktəbə gedən uşaqlarda gərginlik yaradırdı, müəyyən insanlar isə vaxt rejiminə uyğunlaşa bilmirdilər, onların fizioloji-bioloji rejimləri pozulur, bir sıra sosial-iqtisadi proseslərlə (enerjidən istifadədə dəyişiklik, ətraf mühitə, insan sağlamlığına təsir, azyaşlı uşaqların adaptasiyası, əmək məhsuldarlığı, informasiya texnologiyalarında əməliyyat sistemləri, turizm və s.) nəticələnirdi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Trend-ə deyib ki, saatların çəkilməsi Azərbaycana iqtisadi baxımdan effektivlik vermədiyindən, əksinə, bu, insanlar üçün müəyyən sosial, psixoloji, tibbi problemlər yaratdığından, eyni zamanda Azərbaycan coğrafi ərazi baxımından elə də böyük olmadığından ölkədə yay vaxtına keçidin ləğv olunması barədə qərar qəbul olundu.
F.Talıblı da qeyd edib ki, saat əqrəblərinin çəkilməsi böyük ölkələrə sərf edir. Çünki həmin ölkələr bununla Günəş işığından maksimum faydalanır, elektrik enerjisinə qənaət edirlər.
F.Talıblı bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ilə həmin ildən başlayaraq, martın sonuncu bazar günündə saatların əqrəbləri 1 saat qabağa çəkilir, oktyabrın sonuncu bazar günündə 1 saat geri çəkilir.
Komitə səlahiyyətlisinin sözlərinə görə, Azərbaycan GMT+4 saat qurşağında təmsil olunur. Martın sonuncu bazar günündə artıq ölkədə GMT+5 saat qurşağı tətbiq olunmayacaq.
Xatırladaq ki, AMEA alimləri elmi əsaslandırılmış dəlillərlə belə bir yekdil qərara gəliblər ki, Azərbaycanda yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyil. Qeyd olunub ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur.
AMEA qeyd olunanları nəzərə alaraq, GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ölkədə yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi.