Mart ayının 1-nə  məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı  30,6 min nəfər olub. 
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə,  onların 38,1%-ni qadınlar təşkil edir. İşsizliyə görə müavinətin orta məbləği 263,1 manat olub.
Bu il martın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 921 min nəfər olub, onlardan 4 mln. 676,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Bu ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,5 saat təşkil edib. 
Bu il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 488,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 874,7 min nəfər, qeyri-dövlət sektorunda isə 613,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 454 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,2%-i emal sənayesində, 6,1%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,8%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,0%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,8%-i istirahət, əyləncə və incəsənət sahələrində çalışıblar.