"Bizim iclasımız müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirilir. İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək. Yaxşı bilirik ki, bu gün müasir tariximizdə müstəsna yer tutur. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən az sonra dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə böyük siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması tarixin gedişini dəyişdirməyə imkan verdi. Ümummilli Lider xalqımızın öz dəyərlərinə sadiqliyini, dövlətçiliyini qorumaq və gələcəyini müəyyən etmək əzmini real siyasi gücə çevirdi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib. Spiker bildirib ki, Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın tarixi seçimi idi:
"Ulu Öndər zamanın çağırışlarına cavab vermək qabiliyyəti sayəsində müstəqil dövlətimizi qoruyub saxladı və möhkəmləndirdi. Azərbaycan davamlı inkişaf yoluna çıxdı və onun geosiyasi əhəmiyyəti artdı. Ölkəmiz qlobal miqyaslı iqtisadi layihələrin mərkəzinə çevrildi. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Eyni zamanda, o, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ötən illər göstərdi ki, Ulu Öndərin yaratdığı milli dövlətçilik konsepsiyası böyük siyasi potensiala malik olmaqla yanaşı, həm də xalqın və dövlətin uzunmüddətli strateji maraqlarına əsaslanır. Heydər Əliyevin Azərbaycançılıq və dövlətçilik ideyaları Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəaliyyətində ardıcıl inkişaf etdirilir. Bu gün biz keçdiyimiz yola nəzər salaraq, inamla söyləyə bilərik ki, 1993-cü ildə və sonrakı dövrdə Ulu Öndərin həyata keçirdiyi milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqə var. Torpaqlarımızın 30 illik işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, Azərbaycanın nüfuzlu və güclü bir dövlətə çevrilməsi, hər il, hər ay müşahidə etdiyimiz digər uğurlar Heydər Əliyev siyasi xəttinin ardıcıl surətdə davam etdirilməsinin nəticəsidir.
Məhz buna görə də Milli Qurtuluş Günü təkcə tarixin bir anı deyil. Bu gün müstəqillik və dövlətçilik ideyalarının təntənəsidir. Gələcək nəsillər qarşısında məsuliyyət hissinin təcəssümüdür. Xalq ilə dövlətin birliyinin rəmzidir. Milli Qurtuluş Günü ərəfəsində biz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha ehtiramla yad edirik. Əmin olduğumuzu bildiririk ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da müstəqil inkişaf yollarında inamla addımlayacaq. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır".
Anar Kəlbiyev









































.webp)







