“Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə  icra edilib”.

"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, hesabat ili ərzində qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında ölkədə makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib və dövlət siyasətinin əsas prioritetləri üzrə nəzərdə tutulan bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilib:

“Hesabat dövründə büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cü ilədək milli prioritetlərinə doğru irəliləyişi təmin edib”, - deyə S. Babayev qeyd edib. 

Nazir bildirib ki, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində son illərdə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb. 

Anar Kəlbiyev