Mərhum müğənni İlhamə Quliyevanın həbsdəki keçmiş köməkçisi Mehriban Hüseynova növbəti məktubunu yazıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, mərhum müğənninin köməkçisi ilginc məqamlara aydınlıq gətirməklə, İlhamə Quliyevanın vəsiyyətini də qeyd edir. M.Hüseynova məktubunda yazıb:
"İstəməzdim, bir daha köhnə söhbətlərə qayıdım. Ancaq buna məcburam. Çünki aylardır, məni gözdən və nüfuzdan salmaq istəyində olanlar var. Bu adamlar başıma olmazın oyunlar açdılar. Aylarla əziyyətini çəkdiyim İlhamə Quliyeva ilə məni düşmən etdilər. Hələ də qurduqları planlara çatmadıqlarına görə yenə də məndən əl çəkmək istəmirlər. Belə çıxır ki, mənim tutulmağım, İ.Quliyevanın rəhmətə getməyi onların planının sonu deyilmiş. Canfəşanlıq edib, özlərini guya ki, mərhumənin qisasını alırlar kimi göstərib, etdikləri cinayətlərdən sığortalanmaq istəyirlər. Artıq hər kəsə aydındır ki, İ.Quliyeva nə qədər ağır xəstə idi. Onun ağır və dözülməz əməliyyatdan çıxan vaxtında da yanında mən olmuşam. Mən ona anam kimi baxmışam. Ona görə də ondan gələn zərbə mənim üçün dözülməz oldu. Çünki İ.Quliyeva mənə yox, məhz o dələduz, fırıldaqçılara inanmışdı. Hazırda göz qabağındadır, kim var-dövlət, mülk davası edir".
M.Hüseyova İ.Quliyevanın vəsiyyətnin təmin olunmamasına, ölümündən sonra onun əmlakının hərisliklə ələ keçirilməsinə diqqət çəkir:
"Əgər Orxan, həqiqətən də, İlhamə Quliyevaya sadəcə bir oğulluq etmək istəyirdisə, nə üçün onun yoxluğunun acısını deyil, qalan mirası ələ keçirmək həsrətini çəkir? Axı İ.Quliyeva sağlığında hər zaman mənə və ona yaxın olan qohumlarına bildirirdi ki, əgər mən həyatda olmaramsa, məni qoz ağacından olan tabutda basdırın. Nəyim də varsa, kimsəsiz uşaqlar üçün xərcləyin. Əgər mənə inanmırsınızsa, Əli Mirəliyevə inanın. Məndən öncə İ.Quliyevanın ən ağır vaxtlarında Ə.Mirəliyevin qızı onun qulluğunda dayanıb. Artıq olan olub, keçən keçib, hazırda istintaq gedir. İstintaqın gedişinə mane olmamaq üçün çox şeyləri açmaq istəmirəm".
M.Hüseynova məktubunda istintaqın sonunda kimin günahkar olmasını üzə çıxaracağına ümidli olduğunu qeyd edir. O vurğulayır ki, "Neftçilər" xəstəxanasının həkimlərinin İ.Quliyeva ilə bağlı rəyi var:
"Zaman gələcək, haqq öz yerini tapacaq. İ.Quliyeva artıq həyatda yoxdur, mən nə danışsam da, cavab verə bilməyəcək. Televiziya və saytlarda mənimlə bağlı gedən süjetin pərdə arxasında nə baş verdiyini orada olanlardan başqa heç kim bilmir. Bununla belə, onlar öz çirkin hərəkət və əməllərinə haqq qazandırmaq istəyirlər və mənim həbsdə olmağımdan istifadə edirlər. Ancaq hüquq-mühafizə orqanlarının bu işə ədalətlə baxmalarına inanır və güvənirəm. Allaha şükür edirəm, Allah böyükdür, nə etsə, doğru bildiyini edir. Əgər azadlıqda olsaydım, yaxınları onun ölümündə məni günahkar bilərdilər. Necə ki, o böhtanı yenə də mənə atırlar. Haqqımda çıxan şayiələrdə bildirilir ki, guya mən İ.Quliyevanı öldürmək fikrində olmuşam. Axı, belə bir şey olsaydı, İ.Quliyeva məndən sonra "Neftçilər" xəstəxanasında müalicə olunanda həkimlərin verdiyi rəyi çoxdan əlində bayraq edərdi. Ekspert də təyin etmişdir ki, onun bir çox xəstəlikləri olub və öz əcəli ilə ölüb. Haqqımda şayiələr yayanlar, siz öz çirkin əməllərinizi ört-basdır etməyə çalışmayın. Bilmək olmaz, sonda kim günahkar çıxacaq, siz, yoxsa mən...".