Avstraliyanın nüfuzlu "The Sydney Morning Herald" qəzetində "Ermənistandan Avstraliyaya kimi mafiya Avstraliyada metamfetaminin ticarətinə necə nəzarət edir" (From Armenia to Australia, how the mob controls the trafficking of ice into Australia) başlıqlı məqalə dərc olunub.
Azərbaycanın Avstraliyadakı Səfirliyindən verilən məlumata görə, məqalədə "Adelaydın yeddi ailəsi" kimi tanınan Kalabriya mafiyasının Avstraliyada tarixinin 1920-ci illərə gedib çıxdığı və bu cinayətkar qruplaşmanın uzun müddət ölkənin iri şəhərlərində tərəvəz və meyvə ticarəti üzərində nəzarəti həyata keçirdiyi diqqətə çatdırılıb.
Şantaj, rüşvətxorluq, çətənə bitkisinin əkilib-becərilməsinin və reketçiliyin mafiyanın bir əsrə yaxın əsas gəlir mənbəyi olduğunu bildirən qəzet italiyalı tədqiqatçılara istinadən yeni nəsil mafioz qruplaşmaların daha təhlükəli ticarətə qurşandığını vurğulayıb.
Britaniya əsilli kriminoloq Anna Sergi qəzetə müsahibəsində Melbrun və Sidney küçələrində "ice" (buz) adlanan metamfetamin ticarətinə italiyalı mafioz ailələr tərəfindən ispan və erməni "brokerlər" vasitəsilə nəzarət olunduğunu söyləyib. Həmçinin, o, metamfetaminin yükləndikləri yer - Ermənistandan keçməklə Bilbaoya və sonra təyyarə ilə Bilbaodan Avropaya əsasən çamadanların plastik hissələrində italiyalılar tərəfindən təşkil olunmuş kanallar vasitəsilə Avstraliyaya daşındığını bildirib.
Məqalədə İtaliyanın səlahiyyətli orqanlarının Ermənistandan Avstraliyaya metamfetamin ticarətindən məlumatlı olduqları, lakin bunun qarşısını ala bilmədikləri xüsusilə diqqətə çatdırılıb.
Qeyd olunmalıdır ki, bu yaxınlarda Avstraliya polisi bazar qiyməti 1.26 milyard Avstraliya dolları (təqribən 950 milyon ABŞ dolları) həcmində metamfetamin müsadirə edib.