Xanlar Zeynalov: "Cocuq Mərcanlıya geri dönüş tam baş tutsa, 395 ailə, 1428 nəfər Cocuq Mərcanlıda yaşayacaq...

Ötən ay ölkə başçısı məcburi köçkünlərlə bağlı iki mühüim sənəd imzaladı. Bunlardan biri "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman, digəri isə "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqındaSərəncam oldu.
Qeyd edək ki, ölkə başçısının bu fərman və sərəncamı məcburi köçkünlər tərəfindən qayğı ilə qarşılandı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov "Unikala açıqlamasında deyir ki, sözügedən fərman və sərəncamlar ictimaiyyətə açıqlanan gündən, məcburi köçkünlərdən Komitəyə gələn müraciətlərin ardı-arası kəsilmir. Həmsöhbətimiz bildirir ki, Cocuq mərcanlılar Azərbaycan Prezidentinin sərəncamını alqışlayırlar: "Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyevin imzaladığı Sərəncamla Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa olunacaq. Kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi üçün ilkin olaraq dörd milyon manat ayrılıb. Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular. 1994-cü ilin aprel ayında Ulu Öndər Heydər Əliyev Füzuli rayonuna gəldi, səngərdə hərbiçilərlə görüşdü. Onları qələbə münasibətilə təbrik etdi və işğaldan azad olunmuş ərazilərin bərpa olunmasına, həmin ərazilərin yenidən qurulmasına göstəriş verdi. İyirmi iki il sonra - 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələ təpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı. Beləliklə, Horadiz əməliyyatı kimi Aprel əməliyyatı da Azərbaycan tarixinin şanlı səhifələridir. Aprel döyüşlərinə qədər daim erməni hərbçiləri tərəfindən atəşə tutulan, normal yaşayışın təmin olunması mümkünsüz hala gəlmiş kənd aprel döyüşlərindən sonra tam olaraq azad edildi və orada tikinti-abadlıq işlərinə başlanılır. Məhz, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bunun əyani sübutudur. Prezident ilham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı nəinki bu kəndin sakinlərinin, bütün cəbrayıllıların ürəyindən xəbər verdi. Cocuq Mərcanlı kənd sakini Məhəmməd Misirov bizə məktub yazaraq bildirib ki, iyirmi beş ilə yaxındır ki, biz Cocuq Mərcanlıdan ayrı düşmüşük: "Kənd sakini məktubunda qeyd edir ki, cənab Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladığını eşidəndə çox sevinib. Qeyd edir ki, Prezidentimiz gələcəkdə belə sərəncamları çox verəcək, işğal olunmuş torpaqlarımız azad ediləcək və biz hamımız doğma torpaqlarımıza qayıdacağıq, yenidən orada yaşayacağıq. Kənd sakini Azər Abbasov isə Komitəyə məktubunda bunu çoxdan arzuladığını yazıb. Sakin qeyd edir ki, dövlətimizin başçısının bu qərarını alqışlayırıq. Eyni zamanda, bu arzularını reallaşdırdığına görə ona minnətdarlıq edirlər. Yazırlar ki, Prezidentin rəhbərliyi ilə təkcə Cocuq Mərcanlı kəndi deyil, işğal altındakı digər ərazilərimiz də azad ediləcək və həmin torpaqlarda da evlərimiz tikilib bərpa olunacaq.

E. Qədimov deyir ki, ölkə başçısının bu Sərəncamından ən çox sevinən, neçə illərdir kənddə yaşayan yeganə sakin Oqtay Həziyevdir: "1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən və hələ ki buranın yeganə sakini olan Oqtay Həziyev Komitəyə məktubunda yazır ki, Prezidentin sərəncamını oxuyandan sonra çox seviniblər. Məktubda qeyd edir ki, burada yaşamaq çox çətindir. Hər yer dağılıb. 24 il bundan əvvəl işğal olunmuş Cocuq Mərcanlı kəndinin yenidən bərpa olunması ilə bağlı cənab prezidentin sərəncamı alqışlanmalıdır. Cənab İlham Əliyevə çox böyük sevgilə minnətdarlığını bildirir. Beləliklə də, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə tikinti-abadlıq işlərinə başladı. Dövlət başçısının Sərəncamı da onu göstərir ki, işğal altındakı torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil. Elə Cocuq Mərcanlı kəndi də bu prosesin qaranquşu oldu-¦.

Komitə rəsmisinin sözlərinə görə, elə fevralın 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə "Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə keçirilən geniş müşavirədə əsas müzakirə mövzusu Cocuq Mərcanlının bərpası olub. E.Qədimovun sözlərinə görə, müşavirədə ölkə başçısınən "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 2017-ci il 24 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb: "Baş nazirin müavini bildirib ki, cənab Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki "Energetik pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıb. Baş nazirin müavini Əli Həsənov bu Sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.

Komitə səlahiyyətlisi bildirir ki, hazırda "Dövlətqaçqınkomun nümayəndələri Cocuq Mərcalıda layihələndirmə işləri ilə əlaqədar fəaliyyətə başlayıblar.

Cocuq Mərcanlıya qayıdışla bağlı vəziyyətin hansı yerdə olduğunu öyrənmək üçün, Cəbrayıl rayon icra hakimiyyəti başçısının Cocuq Mərcanlı kənd üzrə icra nümayəndəsi Xanlar Zeynalovla da telefon əlaqəsi saxladıq. Həmsöhbətimiz bildirdi ki, kəndə qayıdış üçün icra nümayəndəliyinə edilən müraciətlərin sayı günü-gündən artır.
X. Zeynalov bildirir ki, ölkə başçısının imzaladığı sərəncam, illərdir Cocuq Mərcanlıdan didərgin düşənlər üçün bir ümid qığılcımı olub: "Cocuq Mərcanlı sakinləri öz torpaqlarında yaşamağın həsrətini çəkirlər. Lələtəpə yüksəkliyi Azərbaycan ordusu nəzarətinə keçdikdən sonra o torpağa qayıtmaq üçün ərizələr çoxalmışdı. Ölkə başçısının müvafiq sərəncamından sonra isə demək olar ki, bütün kənd sakinləri öz evlərinə geri dönmək istəyirlər. Bizə edilən müraciətlərin ardı-arası kəsilmir. Ərizələr gəlməkdə davam edir. Sakinlər yazırlar ki, onlar ata-baba yurdlarına qayıtmaq istəyirlər. Yazıb bizə bildirirlər ki, babamızın, atamızın məzarı o torpaqdadır. Bizdən orada yaşamaq üçün şərait yaratmağımızı xahiş edirlər. İlkin mərhələdə orada 50 ailəni məskunlaşdırmaq nəzərdə tutulub. Amma belə görünür ki, kənddə yaşayış bərpa edilsə, evlərin inşası davam edəcək. Çünki, hamı evinə dönmək istəyir. Əsas odur ki, o kəndin sakinləri bizi yaxşı mənada rahat qoymurlar. İstəyirlər ki, öz kəndlərinə qayıtsınlar. Bu "Böyük Qayıdışın ilkin addımlarıdır.Biz buna sevinməliyik ki, düşmənlə təmas xəttində olsa belə, insanlar öz evlərinin çırağını yandırmaq istəyirlər.

X. Zeynalovun sözlərinə görə, geri dönüş tam baş tutsa, 395 ailə, 1428 nəfər Cocuq Mərcanlıda yaşayacaq: "İşğala qədər Cocuq Mərcanlıda 283 ev təsərrüfatı uçot dəftərində qeydiyyatda olub. Həmin vaxt kənddə əhalinin sayı 1075 nəfər olub. 2016-cı ilin yanvar ayının 1-ə olan məlumata görə, Cocuq Mərcanlıda ev təsərrüfatının, yəni ailələrin sayı 283-dən 395-ə çatıb. Hazırda Çocuq Mərcanlı kəndinin əhalisinin sayı uçot kitabında 1428 nəfərdir. X. Zeynalov bildirib ki, Cocuq Mərcanlı kəndinin ərazisi 1605 hektardır. Onun 726 hektarında kənd, evlər yerləşir. Cocuq Mərcanlıda ilkin mərhələdə 50 ev tikilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə layihələndirmə işləri aparılır.

Z.Məmmədli