Xalqımızın ən qədim və milli bayramı olan Novruz bayramı günlərində Sumqayıt şəhərindən Azərbaycan Respublikasının Milli Məclisinə 43-cü, 42-ci və 41-ci dairələrindən deputat seçilmiş Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilovla seçicilərin görüşü keçirilib.
Unikal.org-un məlumatına görə, millət vəkilləri əvvəlcə 11-ci mikrorayonda olmuş, sakinlərlə birgə ağacəkmə kampaniyasında iştirak edərək mikrorayon ərazisində 100-dən artıq müxtəlif növ ağac əkmişlər.
Sonra bu mikrorayonun yetirməsi, 1993-cü ildə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq, qəhrəmancasına şəhid olmuş Nəsimi Əbulfəz oğlu Süleymanovun yaşadığı binanın üzərinə vurulmuş lövhəni ziyarət edərək qərənfil dəstələri düzmüş, şəhidin ailə üzvləri ilə görüşüblər.
Daha sonra isə çay və bayram süfrəsi arxasında səmimi söhbət aparılmış, sakinlərin bayramları təbrik olunmuş, arzu və istəkləri dinlənilib.
Həmin gün deputatlar 6-cı mikrorayon sakinləri ilə də görüşərək onların problemləri ilə maraqlanmış, qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Günün növbəti görüşü isə 17-ci mikrorayon sakinləri ilə keçirilib. Burada həmçinin deputat Mirzəcan Xəlilovun xətti ilə 100 nəfərə yaxın şəhid ailəsinə və aztəminatlı ailələrə bayram sovqatı təqdim olunub.