Kiyev polisi Obolonski rayonunda yerləşən mənzillərdən birində 60 yaşlı Azərbaycan vətəndaşının meyitini aşkar edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.
Məlumata görə, martın 21-də polisə Azərbaycan vətəndaşı müraciət edərək Qeroyev Stalinqrada prospektində yerləşən mənzildə dost münasibətində olduğu 60 yaşlı həmyerlisini ölmüş vəziyyətdə aşkar etdiyini xəbər verib.
Meyit giriş qapısından bir metr aralıda olub. Onun qarın boşluğunda ilkin olaraq bıçaq zərbəsi nəticəsində əmələ gəlmiş böyük yara aşkar edilib.
Şahidlərin sözlərinə görə, kişi qətlə yetirilən günü onlar iki şübhəli şəxs görüblər.
Həmçinin bildirilir ki, mərhum əvvəllər cinayət məsuliyyətinə cəlb olunub. Qətlin zərərçəkənin cinayət keçmişi ilə əlaqədar ola biləcəyi istisna edilmir.