Kiyev "Dinamo"su və Ukrayna millisinin sabiq oyunçusu, əslən azərbaycanlı olan Aleksandr Əliyev sərxoş vəziyyətdə həyat yoldaşını döyüb.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, hadisə fevral ayında baş versə də, media bundan indi xəbər tutub. Bildirilib ki, insident səbəbindən A.Əliyev saxlanılaraq polis idarəsinə gətirilib. Tibbi müayinədən sonra məlum olub ki, A.Əliyevin həyat yoldaşı Tatyana başından zədə alıb, çənəsi qırılıb.
A.Əliyev polisə ifadə verməkdən imtina edib. Onun xanımı isə ifadəsində bildirib ki, bir neçə dəfə uşaqlarının gözü qarşısında əri tərəfindən döyülüb.
Futbolçu özü hadisə ilə bağlı açıqlama verərək məlumatı təkzib edib və Tatyana ilə hazırda yaxşı münasibətdə olduğunu bildirib.
T.Əliyeva isə bu haqda danışmaq istəmədiyini söyləyib: "Bu, mənim şəxsi həyatımdır". O, insidentlə bağlı məlumatı mətbuata ötürdüyünə görə polisi qınayıb.
Qeyd edək ki, A.Əliyev və Tatyana 2007-ci ildə evləniblər. Onların bu nikahdan iki övladı var.