Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Həsənov və R.Rzayevin hər biri 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında hər iki şəxsə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmaq qərarına gəlib. Ərinin ondan boşanmasında israrlı olduğunu görən qadın həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R.Rzayev bundan sonra qətli planlaşdırıb. Çünki R.Rzayev arvadına boşandıqdan sonra mülkündən pay vermək istəməyib. Bu məqsədlə də ər 48 yaşlı arvadının qətlə yetirilməsi üçün Elşad Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.