Əməkdar artist Lalə Məmmədova "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərova açıq məktub yazıb.
Unikal.org-un məlumatına görə, məktubda bildirilir:
"Hörmətli Cahangir müəllim,
Son 25 ildə Azərbaycan sürətlə inkişaf edir. Sosial-iqtisadi siyasətin nəticəsində yeni Azərbaycan modeli yaranıb. Günü-gündən gözəlləşən, çiçəklənən Azərbaycana turistlərin gəlməsi üçün var qüvvəmizlə çalışırıq. Azərbaycanın beynəlxalq imicinin, dövlət müstəqilliyinin keşiyində duran Ali Baş Komandan cənab İlham Əliyevin siyasətini dəstəkləyirik. Niyə? Çünki o, hər zaman bizimlədir, xalqın yanındadır. Hələ bir müddət öncə ölkə başçımız Nazirlər Kabinetinin iclasında AZAL-ın qiymətlərinin süni şəkildə qaldırılmasını irad tutanda, qiymətlərin endirilməsi ilə bağlı yeni variantlar təklif olunmasını tələb edəndə bütün vətəndaşlar kimi mən də sevinmişdim.
Ancaq ölkə başçımız bilsəydi ki, qiymətlərin endirilməsi biz sadə vətəndaşlara nəyin bahasına başa gələcək, bəlkə də əvvəlki qiymətlərin yerində qalmasına razı olardı. Bu gün Bakının yeni tikilmiş hava limanının ayaqyolunda gördüklərimdən dəhşətə gəldim. Nəinki əl-üz yuyandan sonra silməyə salfet, hətta unitazın (üzr istəyirəm) yanında silinməyə belə kağız yox idi. Əvvəl elə düşündüm ki, bəlkə girdiyim kabinədə kağız salfet bitib. Sonra bir-bir bütün kabinələri gəzib, gördüklərimə inanmadım. Heç yerdə salfet gözümə dəymədi. Xadimə xanımı çağırıb səbəbini soruşanda "Artıq 2 aydır ki, bu vəziyyətdəyik, dollar bahalaşıb, rəhbərlik izafi xərcləri azaldıb. Salfet, əl-üz sabunu, bunlara qənaət edilir" cavabını verdi. Bir müddət eşitdiklərimi analiz etməyə çalışdım. Mümkün olmadı. Sarsılmışdım. Mənim ölkəm Şərqin qapısı, Qədim İpək yolunun keçdiyi məkan sayılır. Mənim ölkəm əsrlərdir torpağına qədəm basan əcnəbilərin, müasir dillə desək turistlərin təbiətinə, qonaqpərvərliyinə heyran qaldığı Azərbaycan adlanır, hörmətli Cahangir müəllim. Hava limanı isə torpağımıza qədəm basan hər bir insanın ölkəm haqqında ilk təəssüratıdır. Çox xahiş edirəm, bu təəssüratı qiyməti o qədər də baha olmayan kağız salfet və əl-üz sabunu ilə öldürməyin, "Mədəniyyət Şərqdən gəlir" kəlamını şübhə altına almayın!
Bəlkə də, bu məktubumdan sonra məndən inciyəcəksiniz, mahnılarımı da dinləməyəcəksiniz, (kim bilir, bəlkə də heç vaxt dinləməmisiniz) ancaq demokratik ölkənin azad vətəndaşı kimi hüququmdan istifadə etmək mənim də haqqımdır. Mən öz ölkəmi sevirəm, həm də çox sevirəm. Bu, sözlərin ifadə etməyə gücü yetməyəcəyi sevgidir. Hər dəfə təyyarə doğma Xəzərimin üstündən uçanda ürəyim uçunur, gözlərim yaşarır. Vətənimdən ayrı yaşaya bilməyəcəyimə əmin oluram.
İnanmaq istəyirəm ki, siz də Vətənimizi məndən az istəmirsiniz və məktubumdan sonra bu məsələyə etinasız qalmayacaqsınız".