Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlə çıxış edib.
O bildirib ki, hakim Ə.Hacıyev 2005-ci ildə Nadir Səlifovun ("Lotu Quli) məhkəməsinə sədrlik edib.
O, hakimə etiraz etdiyini deyib:
"Bu səbəbdən qanunvericiliyə əsasən, Əfqan Hacıyev Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun işinə baxa bilməz.
V.Hüseynovun vəkili Kamandar Nəsibov isə vəsatətin təmin olunmamasını istəyib.
Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Qərara əsasən, prokurorun vəsatəti təmin edilib.
Cinayət işinə yeni hakim təyin olunana qədər proses qeyri-müəyyən günədək təxirə salınıb.
Qeyd edək ki, ittiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.
V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi Sabunçu Rayon Prokurorluğunda araşdırıldıqdan sonra məhkəməyə göndərilib.
İşə Sabunçu Rayon Məhkəməsində, hakim İlqar Abbasovun sədrliyi ilə baxılarkən dövlət ittihamçısı vəsatətlə çıxış edib. Prokuror vəsatətini onunla əsaslandırıb ki, 12,360 qram çəkidə narkotik vasitə olan heroinin V.Hüseynov tərəfindən satış məqsədi olmadan əldə edilməsi, saxlanılması və daşınması kimi qiymətləndirməkdə ibtidai istintaq orqanı haqlı olmayıb. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, cinayət işi yenidən ibtidai araşdırlması üçün prokurorluğa göndərilib.
Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, V.Hüseynov hazırda həbsdə olan və "Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.