Malayziyanın sabiq Baş naziri Mahathir Mohamad indiki Baş nazir Nacib Razaka qarşı "hakimiyytədən sui-istifadə və etibara xəyanət" iddiası ilə çıxış edərək onu korrupsiyaya qurşanmaqda ittiham edib.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi M.Mohamadin vəkillik firmasına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Baş nazir həm də hüquq-mühafizə orqanları tərəfindən aparılan təhqiqat işlərinə qarışaraq maneə yaratmaqda, həmçinin fəal və şüurlu şəkildə vicdansız hərəkətlərə yol verməkdə ittiham olunur.
Ötən ilin iyulunda ABŞ-ın "The Wall Street Journal" nəşrində Malayziyanın Baş naziri Nacib Razakın şəxsi hesablarına son iki ildə "1MDB" dövlət investisiya fondu ilə əlaqəsi olan şirkətlərdən 700 milyon dollar vəsait daxil olması barədə məqalə dərc edilmişdi. Antikorrupsiya İdarəsi, Mərkəzi Bank və polis nümayəndələrindən təşkil olunan xüsusi komissiya, həqiqətən də, Baş nazirin hesabında bir neçə milyon doların olduğunu təsdiq etmişdi. Lakin Baş nazir bəyan etmişdi ki, bu vəsait siyasi məqsədlər üçün ianə olaraq verilib və həmin vəsaitdən şəxsi işləri üçün istifadə etməyib. Nacib Razak bildirib ki, həmin vəsait Yaxın Şərqdəki sponsorlar tərəfindən onun rəhbərlik etdiyi Birləşmiş Malay Milli Təşkilatı üçün göndərilib.