Göygöl rayonunda gənclər arasında yaranan mübahisə qanla bitib.
Unikal.org saytı anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1997-ci il təvəllüdlü Ayxan Natiq oğlu Əsgərov aralarında yaranan mübahisə zəminində həmkəndlisi 2000-ci il təvəllüdlü Murad Nüsrət oğlu Abbasov tərəfindən bıçaqlanıb. Döş qəfəsindən bıçaq yarası alan 19 yaşlı gənc dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanada əməliyyat olunan yaralının vəziyyəti ağır qiymətləndirilir.
Hadisəyə səbəb isə 19 yaşlı Ayxan Əsgərovun Murad Abbasovu döyməsi olub. Həmkəndlisi tərəfindən döyülən gəncin Ayxana gücü çatmadığı üçün belə bir yola əl atıb. Faktla bağlı rayonun polis idarəsindən araşdırma aparılır. Bıçağa əl atan 16 yaşlı M.Abbasov kənd orta məktəbinin 9-cu sinif şagirdidir.
Ölkə ərazisində qeydə alınan sonuncu bıçaqlanma faktı bir neçə gün əvvəl Gəncədə baş verib. Şəhər sakini 1996-cı il təvəllüdlü Nuriyyə Cabbarova bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilib.
Qadın ilkin ifadəsində keçmiş nişanlısı Oruc Quliyev tərəfindən bıçaqlandığını deyib. Onun sözlərinə görə, kafelərdən birindən yemək üçün kətə alıb çıxarkən keçmiş nişanlısı onu görüb: "İşdən çıxıb evə gedirdim. Düşündüm ki, kətə alım. Alıb çıxanda Oruc məni gördü və yaxınlaşaraq mənə yumruq vurdu. Bıçaqla üzümdən vurmaq istəyəndə çəkildim və bıçaq bud nayihəmdən dəydi".