Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri və bu ölkədə keçirdiyi görüşlər mühüm əhəmiyyətə malikdir. Bu səfər həm də ikitərəfli əlaqələrin inkişafında vacib rol oynayır.

Unikal.org azertac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Səfər zamanı Azərbaycan Prezidentinin dost və qardaş ölkələr olan Türkiyənin Prezidenti, Pakistan dövlətinin başçısı və Baş naziri ilə görüşlər keçirdiyini xatırladan Novruz Məmmədov bu ölkələrlə əməkdaşlığımızın daim genişləndiyini, möhkəmləndiyini və yeni sahələri əhatə etdiyini vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə görüşündə dövlətimizin başçısının etdiyi çıxışın əhəmiyyətindən danışıb. Bildirib ki, bu çıxışda Azərbaycan Prezidenti mövqeyini və hansı məsələlərə diqqət yetirməyin vacib olduğunu ortaya qoydu. Prezident İlham Əliyev Azərbaycanın sivilizasiyalararası anlaşmaya, həmrəyliyə verdiyi töhfələri qeyd etdi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində oynadığı roldan ətraflı danışdı. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, dövlətimizin başçısının bu Sammitdə də çıxışının əsas hissələrindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təşkil etdi. Prezident bir daha bəyan etdi ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, çox mühüm məsələdir və bu gün dünya dövlətlərinin, beynəlxalq təşkilatların bununla bağlı konkret mövqeləri var. İslam ölkələri də, Avropa dövlətləri də bu mövqedədirlər.

Novruz Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti, respublikamızla əlaqələrin genişlənməsinə olan ehtiyacı nümayiş etdirir. Dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, ölkəmizin yeri, mövqeyi görünür. Dövlətimizin başçısının bu günlərdə Qətərə etdiyi rəsmi səfər də mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın cari vəziyyəti, perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul edildi.

Son dövrlərdə dünyada gərginliyin artdığını, əlliyə yaxın ölkənin təhlükəsizliklə bağlı problemlərinin olduğunu, davamlı inkişafın sual altına düşdüyünü deyən Novruz Məmmədov bildirib ki, bu, həmin dövlətləri bir yerdə iş görmək üçün səfərbər etməlidir. Onlarla beynəlxalq və regional təşkilatın üzvü olan Azərbaycan bu qurumların fəaliyyətində aktiv iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi dövründə Azərbaycanın böyük işlər gördüyünü deyən Novruz Məmmədov ölkəmizin qurumun sammitlərində fəal iştirak etdiyini, onun işinə mühüm töhfələr verdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın bu töhfələri beynəlxalq münasibətlər, həm də İslam ölkələri üçün vacibdir.

Prezident Administrasiyasının rəsmisi Ermənistanın son vaxtlar cəbhə xəttində törətdiyi təxribatlara da münasibət bildirib. O deyib ki, Ermənistanın cəbhə xəttinsə təxribatlar törətməsi hansısa məkrli planın bir hissəsidir. Həm Avstriyada, həm Sankt-Peterburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda bu addımların atılmasına qarşı konkret mövqe ortaya qoyulub. Təəssüflər olsun ki, Ermənistan tərəfi buna məhəl qoymur və təxribat üçün bəhanə axtarır. Novruz Məmmədov münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycanın öz sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin etdiyini vurğulayıb.