"İlham Əliyevin İrana səfəri zamanı müzakirə olunan məsələlər yeni başlanğıcın bünövrəsini qoydu
Bu fikirləri Unikal.org-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu prezident İlham Əliyevin İran səfərini şərh edərkən deyib.
O, qeyd edib ki, İrandakı müəyyən qrupların təxribatlarını çıxmaq şərtilə bu səfəri yüksək qiymətləndirir: "Azərbaycan İran münasibətlərinin inkişafının paxıllığını çəkənlər var. İlham Əliyevin İrana səfəri zamanı Azərbaycan Respublikası ilə bağlı neqativ məmlumatlar yaydılar. Ərdəbilin İmam cüməsi bizim məmurlara şər atdı ki, guya, biz vəziyyəti gərginləşdiririk və.s. İrandakı müəyyən qrupların təxribatlarını çıxmaq şərtilə İlham Əliyevin İran səfərini çox yüksək qiymətləndirirəm. Mövqeyimi Həsən Ruhaninin səsləndirdiyi fikirlərlə bildirmək istəyirəm. O, qeyd etdi ki, bu səfər gələcək perspektivlər üçün yeni başlanğıcdır. Ruhani hakimiyyətə gəldikdən sonra Azərbaycan-İran münasibətlərinin inkişafında çox işlər görülüb. Dövlət başçısının İran səfəri iki dövlət arasındakı təkcə iqtisadi münasibətlərin yox, regionalar məsələlərin də inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı müzakirə olunan məsələlər yeni başlanğıcın bünövrəsini qoydu.
Politoloqun sözlərinə görə, Azərbaycan İran qarşısında öhdəlik götürüb: "Səfər ərəfəsində Astara dəmir yol xətti istifadəyə verildi. Hazırda İranın daxilindən Rəştə qədər olan hissə qalır. Ruhani bildirdi ki, həmin hissənin də tikintisində Azərbaycan öz dəstəyini göstərəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının İranın müvafiq dövlət qurumu ilə imzaladığı müqaviləyə diqqət çəkmək istəryirəm. Həmin müqaviləyə əsasən Azərbaycan banklarından biri İranda nümayəndəlik açacaq. Məlum olduğu kimi İran üzərində sanksiyalar qalmaqdadır. Hazırda İran beynəlxalq maliyyə məkanında özünü rahat hiss etmir. Bu ölkənin bankalrına rahat işləmək üçün imkan verilmir. Bundan İran vətəndaşları da əziyyət çəkir. Bankların nümayəndəliyi açılandan sonra İran vətəndaşlarının bu problemi öz həllini tapacaq. Azərbaycan öhdəlik götürüb ki, İranın bank kartlarının təkcə burada deyil, əlavə bir neçə ölkədə işləməsini təmin edəcək.
M.Əhmədoğlu səfər çərçivəsində neftlə bağlı əldə olunan razılığa da diqqət çəkib: "Səfər çərçivəsində digər mühüm məqam neftlə bağlı razılığın əldə olunmasıdır. Belə ki, Azərbaycan nefti tankerlərlə Xəzər vasitəsi ilə İrana veriləcək. Bunun əvəzində, İran bizə Fars Körfəzindən istifadəyə imkan yaradacaq. Bu isə dünya Okenanına çıxış deməkdir. Belə bir şəraitin yaradılması indiki şəraitdə bizim üçün çox vacib məsələdir.
Hazırda Türiyədə siyasəti proqnozlaşdırmaq çətindir. Gürcüstan NATO ilə əməkdaşlıq etmək istəyir. Bu halda Rusiya Gürcüstanda vəziyyəti gərginləşdirə bilər.
İndiki halda Azərbaycan neftini dünya bazarına eksport edən kəmər Bakı-Tbilisi-Ceyhandır. İran Fars Körfəsindən istifadəyə imkan verməklə Bakı-Tbilisi-Ceyhandan asılılığımızı azaltmış olur. Türkiyə və Gürcüstan ərazisində neftimizin dünya bazarına çıxışına maneə ola biləcəyi halda, Fars Körfəzinə çıxış olduqca əlverişlidir.
Mərkəz direktoru vurğulayıb ki, Azərbaycan İranın regional proseslərdə iştirak etməsində maraqlıdır: "Ötən il Azərbaycan prezidentinin təşəbbüsü ilə Azərbaycan-İran-Rusiya prezidentlərinin 3 tərəfli görüşü təşkil olundu. İlham Əliyev Tehranda olarkən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan formatları müzakirə edildi. Bu o deməkdir ki, İran Azərbaycanın hesabına regionda nüfuzunu artıracaq, gücləndirəcək. Bu, İran üçün əminlik deməkdir və bundan sonra rəsmi Tehran regiona rahat şəkildə investisiya qoya biləcək.
Həsən Babayev