Novruz bayramını qeyd etmək üçün bölgələrə və ya paytaxta səfər etmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar, əsasən, martın 26-sı və 27-də geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal olunur.
Unikal.org xəbər verir ki, bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K.Əliyevin sözlərinə görə, təcrübə göstərir ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır. Bununla bağlı şöbə rəisi BDYPİ adından əhaliyə, xüsusən də sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı, manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edib: "Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın son günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verə biləcəyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə də sürət məhdudiyyətinə, ötmə qaydalarına riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşayiət olunan ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. Bundan əlavə, piyadalar da nəqliyyat vasitələrinin intensivliyini və sürətini nəzərə alaraq yolu keçərkən maksimum diqqətli olmalı, qaydalara riayət etməlidirlər. Xahiş edirik ki, özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın, qeyd etdiyiniz bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!"
Qeyd edək ki, martın 19-dan 25-dək respublikanın avtomobil yollarında 51 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 80 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaların 11-i piyadaların vurulması ilə bağlı olub. Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Bu günlərdə yol hərəkəti qaydalarını pozan 62 min sürücü məsuliyyətə cəlb edilib. Qayda pozuntuilarının əksəriyyəti, yəni 40 minə yaxını sürət həddinin aşması ilə bağlıdır.
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar ölkədə faktiki olaraq martın 19-dan 27-nədək, yəni 8 gün istirahət günüdür.