Fransada yaşayan həmvətənlərimiz bu ölkənin paytaxtı Paris şəhərinin "Trokadero" meydanında erməni təcavüzünə qarşı etiraz aksiyası keçiriblər.
Unikal.org "Report"a istinadən xəbər verir ki, nümayişin təşkil edilməsində məqsəd Fransanın dövlət rəhbərliyinin nəzərinə Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha çatdırmaq və bu ölkəni ədalətin bərpa edilməsinə töhfə verməyə çağırmaq olub.
Aksiya erməni təcavüzü nəticəsində, o cümlədən Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Parisdəki diasporunun yaydığı bəyanatda Ermənistan prezidenti Serj Sarkisyanın martın 7 və 8-i tarixlərində Fransaya rəsmi səfərinə etiraz ifadə edilib. Bəyanatda qeyd olunub ki, Ermənistanın hazırki prezidenti Xocalı soyqırımını şəxsən təşkil edib və beynəlxalq mətbuata verdiyi müsahibələrində bu faktı dəfələrlə təsdiqləyib.
Aksiyada Azərbaycan diasporunun, Azərbaycanın Dostları Təşkilatının, Paris Azərbaycan Evinin nümayəndələri və digər şəxslər çıxış ediblər.
Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva çıxışında Ermənistan silahlı qüvvələrinin etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan rayonlarında bir nəfər də olsa, azərbaycanlının qalmadığını söyləyib. O, Azərbaycan diasporu adından Fransa dövlətinə müraciət edərək bu təcavüzə laqeyd qalmamağı, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə yardım göstərməyi xahiş edib.
Fransanın tanınmış vəkillərindən olan Olivye Prado cıxış edərək erməni təcavüzünü pisləyib. O. Prado erməni təcavüzü haqqında xəbər tutduqdan etibarən hər gün ədalətin bərpa edilməsi naminə səy göstərdiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini söyləyib.
"Azərbaycanın dostları" təşkilatının rəhbəri Jan Fransua Mansel çıxışında bildirib ki, Dağlıq Qarabağda sülhün bərpa olunması və azərbaycanlıların öz yurd-yuvalarına qayıtmalarının nə dərəcədə əhəmiyyətli məsələ olduğunu Fransa rəhbərliyinin nəzərinə çatdırmaq üçün əlindən gələni edir.
Azərbaycan diasporunun digər nümayəndələri - Fransada yaşayan, çalışan və təhsil alan soydaşlarımız çıxış edərək aksiyada iştirak edən Fransa vətəndaşlarına erməni təcavüzü barədə ətraflı məlumat veriblər.
Əllərində Azərbaycan bayraqlarını və Serj Sarkisyan əleyhinə şüarları tutan aksiya iştirakçıları Ermənistanı işğalçı siyasətindən əl çəkməyə çağırıblar.