Xəbər verdiyimiz kimi bu gün səhər Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində 5 nəfər dünyasın dəyişib, 17 nəfər isə yaralanıb.

Məsələyə Unikal.org vasitəsilə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sürücülər sürət həddinə diqqət etməlidirlər: "Bu gün hər bir sürücü sürücülük kateqoriyalarına uyğun olaraq avtomobil idarə etməlidir. Son vaxtlar aşkarlanır ki, avtobus sürücülərinin çoxunun müvafiq kateqoriyaları yoxdur. Onlar avtobus, mikroavtobus idarə edirlər. Digər tərəfdən, ölkədə avtomobil sayı çoxdur. Əgər 1993-ci ildə 75 min avtomobil var idisə, hazırda bunların sayı 1.5 milyondan çoxdur. Yolların genişləndirilməsinə baxmayaraq, sürücülər daha diqqətli olmalı və qanunlara düzgün riayət etməlidirlər. Sürət həddini aşmaq qəzaya səbəb olur. Allahdan ölənlərə rəhmət, yaralılara şəfa diləyirəm.

V.Əhmədov ölkədə mikroavtobuslarda sərnişin daşınması ilə bağlı qadağadan da danışıb: "Ümumiyyətlə sərnişin daşınması hər avtobusa icazə verilmir. Bunun kateqoriyaları var. İkincisi, avtobusun necə idarə olması ilə bağlı da şərtlər var. Amma çox təəssüf ki, bu qaydalar pozulur. Pozulma nəticəsində də belə hadisələr baş verir.

Millət vəkili qanunvericilikdə nəqliyyat sektoru ilə bağlı da hər hansı qanun boşluğunun olmadığını deyib: "Qanunda bu sektorla bağlı elə bir boşluq yoxdur. Bakı üzrə Nəqliyyat Agentliyi var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də yaradıldı. Bütün rayonda da bu cür Nəqliyyat Agetlikləri var və fəaliyyət göstərirlər. Avtobuslar da bu orqanlara tabedir. Bu təşkilatlar tərəfindən bütün bu cür hadisələrə münasibət bildirməlidir. Bildirmirlərsə, öz günahlarıdır.

Amid Əyyuboğlu