Havalar isindikcə Türkiyədə də toy mövsümü başlanır. Lakin bu ölkədə toy biznesinin əsas gəlir mənbəyi Azərbaycan , İran və Rusiya kimi qonşu ölkələrdən özlərinə dəbdəbəli toylar sifariş verən zənginlərdir.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyədə zənginlərə ürəkləri istəyən kimi toy mərasimləri təşkil etmək üçün çoxlu məkanlar var. Nəticədə son illər təkcə qonşu ölkələrdən deyil, Avropa ölkələrindən də evlənmək üçün Türkiyəyə üz tutanlar artıb.
Belələri İstanbulun Bosfor boğazına açılan səmtlərindəki elit restoranlarda və otellərdə, habelə İzmirdə və digər məkanlarda özlərinə dəbdəbəli toy sifariş verirlər. Azərbaycan, İran və Rusiya kimi qonşu ölkələrdən toy sifariş verənlər qonaqların sayından asılı olaraq 200 min dollardan 500 min dollara qədər xərcləyə bilərlər. Lakin Avropadan olan sifarişçilər daha təvazökardırlar-onların sifarişləri 50-150 min dollar arasında dəyişir. Çünki daha az qonaq çağırırlar.
Xaricilər toy etmək üçün İstanbulun Qalata qülləsində, dəbdəbəli "Kempinski" otelində, "Çırağan" sarayında, Esma Sultan sarayında və digər tarixi yerlərdə də sifariş verirlər. İzmirdə isə onlar Egey dənizinin sahilindəki otelləri, Saime Sultan malikanəsini, digər məşhur məkanları seçirlər.