Bağçaların maliyyə ilə bağlı problemlərə görə tam gücü ilə çalışmaması məsələsi qısa zamanda həllini tapmalıdır.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirəyə yekun vurarkən deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib: "Mən bir daha qeyd etmək istərdim, hamımıza aydındır ki, bu məsələni qısa zamanda tam gücümüzlə həll etmək üçün birgə çalışmalıyıq. Bu məsələ dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Baxmayaraq ki, bu günədək bir çox işlər həyata keçirilib, hələ də problemlər çoxdur. Bugünkü çıxışlarda biz bu barədə yenidən eşitdik.

Burada Hacıbala müəllim bağçalarla bağlı bir mövzuya toxundu. Bizim böyük toplantıdan sonra doğrudan da bu sahədə böyük işlər aparıldı, Bakı şəhərində, paytaxtın müxtəlif rayonlarında bir çox yeni uşaq bağçaları inşa olundu. Mən açılışlarda iştirak edirəm, lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayı azdır. Yəni, daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə ilə bağlı olan problemlərə görə bağçalar tam gücü ilə çalışmırlar. Ona görə bu məsələni tezliklə həll etmək üçün Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalı və bu məsələ qısa zamanda həllini tapmalıdır. Bununla da biz həm qənaət edəcəyik, yeni bağçalar tikməyə ehtiyac olmayacaq, həm də tələbatın bir qismini ödəyə biləcəyik".