"Dünyanın idarə olunması informasiya üzərində qurulub. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun qəbul olunması önəmli məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov qeyd edib ki, bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir: "Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də buna təhrik edirlər. Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil.
Deputat bildirib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: "Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir.