Rusiyanın Tuva bölgəsində 4 yaşlı balaca qız -34 dərəcə soyuğa baxmayaraq, nənəsinin ölüm xəbərini vermək və kömək çağırmaq üçün vəhşi heyvanlarla dolu bir meşədə tək başına 8 km yol gedib.
Unikal.org sputnik.az-a istinadən xəbər verir ki, görmə əngəli olan baba Saqlana Salçak adlı bu balacı qızı 60 yaşlı nənəsinin ölümünü xəbər vermək və kömək çağırmaq üçün çölə göndərib. Balaca qız, gecə saatlarında özü ilə ocaq qalamaq üçün kibrit götürərək mənfi 34 dərəcə şaxtada, qarla örtülü meşə yoluna çıxıb.
Saqlana bir müddət gedəndən sonra, bir hissəsi buz bağlamış çayın üstündə at arabasının izinə rast gəlib. O, bu izlə gedərək qonşuların evini tapmaq üçün 6 saatlıq məsafə qət edib. Şiddətli soyuğun hakim olduğu bölgədə canavar və ayı kimi vəhşi heyvanların da olmasına baxmayaraq, Saqlana gecə səyahətini sağ-salamat başa vurub. O, qonşuları tapıb və baş verən hadisə barədə onları xəbərdar edib.
Saqlana "çox üşüdüm və acdım. Amma qorxmadım. Sadəcə getdim, getdim və axırda istədiyim yerə çatdım - deyib.
