"V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Mərkəzin həmsədrlərinə təşəkkür edirəm".
Unikal.org-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox effektiv fəaliyyət göstərir: "50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir. Hər bir Forum əhəmiyyətlidir və dünyada qərarların qəbulu prosesinə təsir göstərir. Tədbirdə 40-dan artıq hazırkı və sabiq prezident, parlament sədri iştirak edir".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlər müzakirə edilir. Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın həyata keçirdiyi mühüm regional, qlobal layihələr var. Təəssüf ki, dünya yenə təhlükəsiz deyil, bölgəmizdə davam edən təhlükələri görürük. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib".
Dövlət başçısı qeyd edib ki, dünyada miqrant böhranı var: "Miqrant böhranı dünyada anlaşmanı azaldır. Miqrantların üz tutduğu ölkələrin əhalisi arasında anlaşılmazlıqlar ortaya çıxır. 5-10 il əvvəl bu problemlər mövcud deyildi. Bu, Orta Şərq ölkələrinə yönələn addımlarla bağlıdır. Əfsuslar olsun ki, bir çox seçki kampaniyasında əsas şüarlar millətçiliyə, miqrantlara yönəlir. Bu, bir tendensiyadır. Qlobal gündəlikdə duran məsələ bu tendensiyanın qarşısının alınması, qarşılıqlı hörmətə, sivilizasiyalararası dialoqa nail olunmasıdır".
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir: "Ona görə də sivilizasiyalararası dialoqa töhfə veririk".