Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.
"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.
 
***
Bu gün Bakı şəhəri 71 saylı məktəbin şagirdləri qəzaya düşüb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya deyib ki, məktəbliləri daşıyan mikroavtobusun Zabrat yolunda qəzaya düşməsi barədə müraciət daxil olub.
Hadisə yerinə 2 briqada, 71 saylı məktəbə isə 3 təcili yardım briqadası göndərilib. Nəticədə 7 nəfər Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb və onlar 3 saylı xəstəxanaya aparılıb: "Onların xəsarətləri yüngül olub və hazırda heç bir problem yoxdur. Xəsarət alanlara yerində yardım göstərilib və hamısı evə buraxılıb".