Prezident İham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyni təbrik edib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı ortaq mənəvi dəyərlərimizdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələri birləşdirir. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.

Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".