Xəbər verdiyimiz kimi, martın 20-də gecə saatlarında Qum adasında yerləşən "Bahar Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar. Nəticədə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib. Yaralananlardan biri 1977-ci il təvəllüdlü Faiq Vəli oğlu Həsənovdur. Onun burun və qolunun qırıldığı bildirilir.
Unikal.org xəbər verir ki, martın 20-si "Qum" adasındakı 409-cu özüldə baş verən qəzada həlak olan neftçi Ayaz Məmmədovun anası Tamellaxanım Məmmədova Azadlıq Radiosuna belə deyib: "...Dedilər ki, xəstələnib Ayaz, sahilə gətirirlər. Gah uçqun olub, zədə alıb, dedilər. Sonra bəd xəbər aldıq.
Mərhum neftçinin qardaşı Polad Məmmədov bildirir ki, Ayaz Məmmədov 5 il imiş, orada çalışırmış.
"Sonuncu dəfə işə martın 16-da yola düşmüşdü. Martın 20-də ölüm xəbərini aldıq. Ayaz 15 gün işdə, 15 gün evdə olurdu. Xəbər bizə təxminən, saat 19-20 radələri arası çatdı. Mənə zəng etdilər. Getdim, cəsədi gəmi ilə gətirmişdilər. Mənə dedilər ki, iş yerində adi qəza baş verib. Qaynaqçı işləyirdi. Başında qoruyucu ilə işləyirmiş. Bildirdilər ki, iş zamanı üzərində olduğu özül uçub. Ayaz da bir iş yoldaşı ilə dənizə düşüb. İkisini də çıxarıblar. Digər yoldaşının xəsarətlər aldığını bildirdilər...
Qardaşı da qeyd edir ki, sonuncu dəfə onunla elə martın 20-də danışıblar:
"Günorta saat 2, filan olardı. Zəngləşdik, bayramlaşdıq, təbrik elədi. Qısa danışdıq, fikirləşdim ki, axşam da zəngləşərik. Axşam da belə xəbər gəldi-¦
Mərhum neftçinin 5 uşağı qalıb.
"5 körpə uşağı qaldı. Kiçiyinin 4, böyüyünün 12 yaşı var. 4 qızı, 1 oğlu qaldı...
Qardaşı deyir ki, Ayaz Məmmədov Qarabağ müharibəsi veteranı olub.
"Ancaq durumu çox ağır idi. İri ailəsi ilə 1 otaqlı darısqal yataqxana otağında yaşayırdı. Uşaqlarına, ailəsinə ev-eşik qurmağa çalışırdı. Sonu belə...
P.Məmmədov bildirir ki, qardaşının həm həyat, həm də tibbi sığortası olub.
"Şirkətlə müqavilələri vardı. Görək, şirkət ailəsini, uşaqlarını öhdəliyinə götürəcəkmi?, qardaşı sual edib-¦