Xəbər verdiyimiz kimi, Demokratik Qüvvələrin Milli Şurası mitinq müzakirəsinə başlayıb. Qurumun Koordinasiya Mərkəzi martın 22-də keçirilən sonuncu toplantısını bu məsələyə həsr edib. Milli Şuranın sədri gözlənilən mitinqlərlə bağlı şəbəkə istifadəçilərinə sual ünvanlayıb. "Milli Şuranın Koordinasiya Mərkəzi etiraz aksiyalarının zərurəti haqda ciddi fikir mübadiləsi aparıb və yaxın zamanlarda ümumxalq mitinqlərinin keçirilməsini müzakirə edib. Problemlərin daha da artdığı bir vaxtda mitinqlər keçiriləcəksə, əvvəlki mitinqlərdən də daha çox vətəndaş iştirak etməlidir. Siz necə, problemləri yaradan hökumətə etiraz edəcəksinizmi? - deyə C.Həsənli insanlara çağırış edib.
Milli Şura sədrinin mitinq çağırışlarına hakim partiyanın da cavabı gecikməyib.
.jpg)
A.Mirzəzadə Cəmil Həsənlinin "problemlərin daha da artdığı bir vaxtda mitinqlər keçiriləcəksə, əvvəlki mitinqlərdən də daha çox vətəndaş iştirak etməlidir fikrinə belə reaksiya verib: "Buyursunlar yığsınlar. Hər halda, cəmiyyət fəaliyyətə qiymət verir. Nə Cəmil Həsənlinin, nə də ki, o birilərin cəmiyyətdə ciddi sosial bazası, böyük siyasi bir nüfuzu yoxdur. Bunların səsləndirdiyi fikirlər bu gün cəmiyyətin marağında deyil. O baxımdan sadəcə olaraq, Cəmil Həsənli və onun Milli Şurası bir neçə gün mətbuatda xəbərlərlə yer alacaq. Hesab edirəm ki, cəmiyyət Cəmil Həsənlinin keçirdiyi mitinq haqqında dərc olunan xəbərləri belə oxumur və bundan sonra da belə olacaq.