Artiq ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun və onun cinayətkar dəstəsinin iş adamlarının başına gətirdiyi müsibətlərlə bağlı çox danışılıb, yazılıb.

Azərbaycanın iqtisadi inkişafının əleyhinə yönələn, ölkəyə xarici kapitalın ən çox axdığı bir zamanda maliyyə potensialımızın qeyri-neft sektoruna istiqamətlənməsinin qarşısını alan bu fəaliyyətin nəticələri hələ uzun illər boyu öz mənfi nəticəsini göstərəcək, itkilərimiz kompensasiya edilənə qədər sabiq nazirin adı nifrətlə xatırlanacaq və 11 il davam edən zülmün acı təəssüfü hər birimizin ürəyini göynədəcək. Xüsusən də o cinayətkar bandanın əlindən müflisləşən, həbsə atılan və ölkədən qaçmağa məcbur edilən iş adamlarının.
 

Onların arasında Eldar Mahmudov özbaşınalığından ən çox əziyyət çəkən iş adamlarından biri kimi yəqin ki, Vüqar Ağayev də olacaq.

 
Vüqar Ağayev iş həyatına 2002-ci ildə başlayıb və qısa vaxt ərzində, necə deyərlər, parlamağa başlayıb. Tikinti sektorundakı fəaliyyətinə xırda həyət evlərinin inşasıyla başlayan iş adamı iki ildən sonra böyük layihələrin altına girəcək qədər güclənib.

2004-cü ildə Əhmədlidə 5-bloklu 16-mərtəbəli bir binanın tikintisini öz öhdəsinə götürüb və bu işi uğurla tamamlayıb.

Bir ildən sonra Xətai rayonunda 3-bloklu 18-mərtəbəli binaların inşasına başlayan Vüqar Ağayevin yüksəlişi Eldar Mahmudovu tanıması ilə dalana dirənir. Ölkənin milli təhlükəsizliyinin ən yüksək səlahiyyətlisi olan bu adam Vüqar Ağayevin alın təri ilə qazandığı varidatına göz dikir, əvvəl şirnikləşdirmə, sonra isə açıq hədə-qorxuyla iş adamının mülkiyyətini ələ keçirməyə çalışır və nəhayət, buna nail olur.

İş adamının yaxınları tərəfindən virtualaz.org-un redaksiyasına ötürülən məlumata əsasən, Vüqar Ağayev Eldar Mahmudovun qanunsuz tələblərindən canını qurtarmaq üçün ölkəni tərk edib, Amerikaya qaçmağı bacarsa da, öz mülkiyyətini qoruya bilməyib. İş adamının MTN şefinin qəzəbinə gələn mülkiyyətinin dəyəri isə kifayət qədər böyükdür-hardasa, 30 milyon manat (o dövrün məzənnəsi ilə müqayisə etdikdə bu, 40 milyon dollara yaxın bur məbləğdir-red.).

Vüqar Ağayevin öz "canavarı" ilə tanışlığı sabiq nazirin bu gün mətbuat orqanlarının səhifələrini bəzəyən məşhur evi ilə başlayıb. Məlumata görə, evin layihəsi Kanadada yaşayan, əslən Cənubi Azərbaycandan olan bir xanım tərəfindən hazırlanıb. Layihəni Azərbaycanda qeydiyyatdan keçirmək və üzərində bəzi kiçik-para düzəlişlər etmək üçün yerli memara ehtiyac duyulur. Eldar Mahmudova bacarıqlı memar kimi Vüqar Ağayev nişan verilir.
 
"Bir nömrəli şekist"ə bu təklifi verən MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general Nizami Şirinov əslində Vüqar Ağayevə yad birisi də deyilmiş. İş adamının uzaq qohumu olan general Şirinov onu öz şefi ilə görüşdürür. Sözügedən sənədə müəyyən səmərəli düzəlişlər edən Vüqar Ağayevin adı layihənin memarı kimi sənədləşdirilir və layihə müvafiq orqanlara təqdim olunur.

Maraqlıdır ki, özünün tikinti şirkəti olan Eldar Mahmudov evin inşasını da Vüqar Ağayevə təklif edir. Bu müəmmanın səbəbini iş-işdən keçdikdən sonra anlayan Ağayev MTN rəhbərinin "gözlənilməz yağlı təklifinə" müsbət cavab verir. Amma…

Sonra baş verənlər göstərir ki, nazirin başqa planları varmış: O, dəyəri milyonlarla dollara başa gələcək evə müftə sahib olmaq niyyətində imiş. Təbii ki, "bir nömrəli şeksit"in bu niyyətini ağlına belə gətirməyən iş adamı qollarını çırmalayır və işə başlayır.

Eldar Mahmudov "R.A.N" şirkətinin təsisçisinə öz evi ilə yanaşı, başqa işlər də həvalə edir. Bakı şəhəri, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində 25 mərtəbəli biznes mərkəzinin tikintisini də iş adamına tapşıran nazir burada aparılan inşaat üçün ilk əvvəl müəyyən ödəmələr də həyata keçirir. Amma ödənilən məbləğ heç biznes mərkəzinin tikintisinə çəkilən xərcləri belə kompensasiya etmir.