Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin MKS-nin II Güləbird kənd kitabxanası bağlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə AzNews.az-a sözügedən kitabxananın direktorunun həyat yoldaşı (adını açıqlamaq istəmədi) məlumat verib. Onun sözlərinə görə, kitabxananın bağlanmasıyla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev göstəriş verib: "Laçın rayon Mədəniyyət Evindən zəng edib yoldaşıma dedilər ki, mətbuatda kitabxana ilə bağlı məlumat gedib. Bu səbəbə görə də nazirlik kitabxananı bağlamağa qərar verib". 
II Güləbird kənd kitabxanasının direktorunun həyat yoldaşı həmin kitabxananı şəxsi vəsaiti ilə tikdiyini qeyd edib: "Dövlətimizə və prezidentimizə sadiq adamlarıq. Yoldaşım oradan bir tikə çörək pulu qazanırdı. Özü də şəkər xəstəsidir. Həmin kitabxanadan aldığı pul dərmanlarına güclə çatırdı. Eşitdi ki, kitabxananı bağlayıblar halı pisləşdı".
Qeyd edək ki, dünən AzNews.az saytında Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin MKS-nin II Güləbird kənd kitabxanasının təmirsiz və kiçik tikilisinin əks olunduğu foto yayımlanıb. Sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilən tikilini toyuq hininə bənzədənlər olub. 
Məsələ ilə bağlı Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin Mərkəzləşmiş Kitabxanasının rəhbəri Yusif Hüseynovun açıqlama verib. O, sözügedən tikilinin kitabxananın rəhbəri tərəfindən tikildiyini bildirib: "Onu biz tikməmişik, kitabxanaçı özü tikib. Mən çoxdandır ki, orada olmamışam. Bizdə kitabxana rəhbərlərinin 90 faizi bu işləri özləri həll edir. Yer düzəldirlər, sonra da tikirlər. Nə Mədəniyyət və Turizm Nazirliyində, nə də Laçın Rayon İcra Hakimiyyətində elə bir fond yoxdur ki, kimsə ondan istifadə edib kitabxana tiksin. Tikinti üçün pul ayrılmır. Kitabxanaçılar özləri-özlərinə şərait yaradır".