Xəbər verdiyimiz kimi, mart ayının 25-də Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib. 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Hadisəni törədən Qurban Hüseynov "N brothers qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.
"N brothers qrupunun rəhbəri Namiq Qafarov baş verənlər barədə unikal.org-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
-Namiq müəllim, Siz, o ailəni tanıyırdınızmı?
-Əlbəttə. O ailə çox gözəl insanlardan ibarət idi. Amma təəssüflər ki, belə faciəvi hadisə baş verdi. Təsəvvür edirsiniz də, İsmayıl bu gün nələr çəkir? Ən azından 15-20 gün vaxt lazımdır ki, İsmayıl özünə gəlsin. İsmayılın anası çox gözəl insan, qonaqpərvər, işgüzar xanım idi. Yaşlı qadın idi. Gərək belə bir hadisə olmayaydı. Atası isə çox əsəbi adam idi. Xalası qızı kimi təqdim edilən qızı da öz qızları kimi saxlayırdılar.
-Hadisə necə baş verib?
-İçkili olub. Gəlib evə. Evlərində buna görə çox dava-dalaş olub. Amma bu dava faciə ilə nəticələnib. Bu dəfə yenə dava düşüb. Kişi içkili vəziyyətdə küt alətlə arvadını öldürüb. Qızı isə qaçıb anasına kömək etmək istəyərkən atası onu da itələyib. Bu zaman qızın başı yerə möhkəm dəyməsi nəticəsində dünyasın dəyişib. Çox böyük faciədir. Bədbəxt bir hadisədir.
-İsmayılın atası həbs olunub. Baş verən olaylardan nə hiss keçirib?
-Çox peşimandır. Ayılıb özünə gələndən sonara etdiyi əməlindən çox sarsılıb. Həbs olunub.
-Bəs, İsmayılın səhhətində hər hansısa problem varmı?
-Çox pis vəziyyətdədir. Amma mən qoymaram ki, ona nəsə olsun. Hər gün onun yanına gedirəm və onunla ciddi maraqlanıram. Öz oğlum kimi ona nəzarət edirəm. Hüzr mərasiminə də gəlib-gedirlər. Yaxınları da baş verən olaydan çox üzülür.
-Bəs, hüzr mərasiminin keçirilməsinə kimlər kömək edir?
-Mən özüm də kömək edirəm. Əmiləri, dayıları da var. Onlar da nə lazımdırsa, edirlər.
-Bəs, baş verən olaya əmiləri necə reaksiya bildirib?
-Toyda bir nəfər içir. Görürsünüz də hansı oyunlardan çıxır? İçir özünü apara bilmir və yaxud da dava salır. Bu hadisə də eyni məzmun daşıyır. Əmisi və ya dayısı buna nə deməlidir ki? Artıq bu faciə baş verib. İsmayıla dəstək olmaq lazımdır.