Bu gün Milli Məclis Sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonenə məktubla müraciət edib.
Unikal.org xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəddə Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində mövqelərini möhkəmləndirməsi, Ermənistan prezidentinin bu ərazilərdə keçirilən hərbi təlimlərdə birbaşa iştirakı və bu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirməsi barədə narahatlıq ifadə olunur, beynəlxalq təşkilatların bu məsələyə birmənalı münasibət bildirməsinin vacibliyi qeyd edilir.
Məktubda deyilir: "Hörmətli xanım Muttonen, İcazə verin bu günlər bizi olduqca narahat edən hadisələr barədə Sizinlə bölüşüm.
Bildiyiniz kimi, son zamanlar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində hərbi mövqelərini açıq şəkildə möhkəmləndirir və genişləndirir, həmin ərazilərə hərbi avadanlıq ötürür. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin göstəricisidir.
25 mart 2017-ci il tarixində genişmiqyaslı hərbi təlimlərin son mərhələsində Ermənistan Prezidenti Serj Sarkisyan şəxsən iştirak etmişdir. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş və "döyüş vəzifələrini yerinə yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmişdir".
Bundan əlavə, atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisi olan Ermənistan Prezidentinin - "bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək" - bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın bildirir.
Əziz həmkarım,
Dünən Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası ilə birgə keçirdiyiniz Beynəlxalq terrorizmlə mübarizəyə dair parlament konfransını təqdirəlayiq hesab edirəm. Ðzərbаycаn Rеspublikаsı dа tеrrоrizmin аcısını yаşÐ°yаn dövlətdir. Bildiyiniz kimi, ХХ əsrin əvvəllərindən başlayaraq ermənilər Ðzərbаycаn хаlqınа qаrşı kütləvi tеrrоr hаdisələri törətməkdədirlər.
Sivil siyasətçilərin, parlamentarilərin dünyada sülhün bərqərar olunması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yol axtardıqları bir vaxtda Ermənistan rəhbərliyi təxribatçı və təcavüzkar ritorikasından istifadə etməkdə, ölkənin beynəlxalq hüquq və Ermənistan - Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslər çərçivəsində verdiyi öhdəliklərin əleyhinə çıxmaqda davam edir.
Aydındır ki, Ermənistan prezidenti qarşıdan gələn həlledici parlament seçkilərində partiyasının qalib gəlməsi üçün işğal edilmiş ərazilərimizdəki qanunsuz fəaliyyəti ilə ölkəsində xal qazanmaq və bununla da 2018-ci ilin mart ayından sonra belə ölkəsinə rəhbərlik etmək istəyir.
Bununla da insanlıq əleyhinə cinayətlərdə iştirakının doğurduğu məsuliyyətdən müəyyən müddətə də olsa yayınmağa çalışır.
Düşünürəm ki, Ermənistanda seçkiqabağı missiyada olan müşahidəçilər, xüsusilə də DTİHB və Assambleyamızın nümayəndələri ümumi seçki standartları ilə bir araya sığmayan belə halları öz hesabatlarında əks etdirməlidirlər.
Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və onun Parlament Assambleyası Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün yekdil mövqe nümayiş etdirməli və baş verən hadisələrə birmənalı münasibətini bildirməlidir."