Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İNTERPOL-un və Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Əbu-Dabi şəhərində keçirilən "Təhlükəsizlik naminə birlik" adlı beynəlxalq forumda iştirak etmək üçün martın 28-dən Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir.
Nazirlikdən Unikal.org-un verilən məlumata görə, martın 28-də öz işinə başlayan və BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsi ilə baş tutan tədbiri giriş sözü ilə ölkənin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan açıb. O, deyib ki, konfrans hüquq mühafizə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək, xüsusən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə əlverişli zəmin yaradacaq.
Dünyanın bir sıra ölkələrinin daxili işlər və ədliyyə nazirlərinin, yüksək vəzifəli polis məmurlarının qatıldıqları konfransda müasir dövrün çağırışlarına, habelə gələcəkdə regional və beynəlxalq təhlükəsizlik üçün yarana biləcək təhdidlərə qarşı birgə mübarizə məsələlərinin, bu istiqamətdə ayrı-ayrı dövlətlərin üzərinə düşən öhdəliklərin, qlobal polis strukturunun müəyyən edilməsinin müzakirəsi nəzərdə tutulub.
Forumda terrorizmə, kibercinayətkarlığa, mədəni irs əleyhinə olan, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizədə səylərin əlaqələndirilməsi, eyni zamanda, müxtəlif ölkələrin Daxili İşlər nazirlikləri, polis və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və birgə əməkdaşlığın digər aktual problemləri də diqqət mərkəzində olacaqdır.
Beynəlxalq konfrans çərçivəsində R.Usubov BƏƏ Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb.
BƏƏ-nin Baş nazirinin müavini, daxili işlər naziri onun dəvətini qəbul edib «Təhlükəsizlik naminə birlik» adlı beynəlxalq forumda iştirakına görə azərbaycanlı həmkarına minnətdarlıq edib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Rəsmi dəvətə, səmimi qəbula və başçılıq etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən R.Usubov ölkələrimizin başçıları arasında şəxsi dostluq münasibətləri, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində ikitərəfli münasibətlərin xüsusən son illər dinamik şəkildə, uğurla inkişaf etdiyini, bu kontekstdə təqribən 10 il öncə BƏƏ-yə səfərini məmnunluqla xatırladıb, bu səfərin ölkələrimizin anoloji qurumları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Sonra R.Usubov BƏƏ-nin Daxili İşlər Nazirliyi Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsində olub, adıçəkilən qurumun fəaliyyəti və bu ölkənin xüsusi təyinatlılarının texniki təminatı ilə yaxından tanış olub.
R.Usubov səfər çərçivəsində Dubay şəhərinin polis rəisi Abdulla Xəlifə əl-Mərri ilə də görüşüb.
Görüşdə təhlükəsizliyin və ictimai asayişin təmin olunması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib. Abdulla Xəlifə əl-Mərri daxili işlər nazirinin BƏƏ-yə səfərinin və Dubay polisi əməkdaşlarının təhlükəsizlik kurslarının buraxılışında iştirakından məmnunluğunu bildirib. O, müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsi arzusunda olduqlarını ifadə edib.
Nazir R.Usubov BƏƏ polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu, belə görüşlərin birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əmilnliyini vurğulayıb.