Bir neçə gün öncə "8-ci kilometr bazarında murdar ət satışı ilə bağlı reportaj dərc edilmişdi. Dəhşətli mənzərəni öz gözləri ilə görən əməkdaş həmin anları videogörüntüyə də almışdı. Əməkdaşın kiçik bir araşdımasından sonra ət biznesi sahəsindəki biabırçılıq bir daha gözlər önünə sərildi.

Ətlərin antisanitar şəraitdə daşınması və saxlanması ilə bağlı görüntülər qısa zamanda sosial şəbəkələrdə paylaşıldı, müxtəlif xəbər portallarında dərc olundu və geniş müzakirələrə səbəb oldu. Təbii ki, bu barədə aidiyyatı qurumların da xəbərdar olmaması mümkün deyil. Bəs, görəsən bu material yayımlandıqdan sonra bazarda həmin qurumlar tərəfindən hər hansı araşdırma aparılıbmı?

Unikal.org xəbər verir ki, musavat.com-un müxbiri vəziyyəti öyrənmək üçün yenidən həmin məkana yollanıb.

"8-ci kilometr" bazarında oxşar vəziyyət davam edir. Hər gün minlərlə insana mənşəyi bilinməyən murdar ət satanlar adi günlərdəki kimi iş başındadırlar. Həmişəki kimi saxlanılma, daşınma şəraiti bərbad durumda olan ətlər piştaxtada "bəh-bəhlə satılır.

Ət bazarı haqqında yazılanlardan qəssablar da xəbərsiz deyil. Qısa zaman ərzində onların da əksəriyyəti məlum görüntünü izləyib. Jurnalist olduğumuzu bəlli etmədən ət bazarından bir qədər kənarda qəssabxanada çalışan şəxslə həmsöhbət olduq. Sosial şəbəkədə yayılan bu cür xoşagəlməz vəziyyətdən gileylənib onun da fikirlərini öyrənməyə çalışırıq.

Qəssab bildirdi ki, 8-ci kilometr bazarının ət satışı bölməsi ən murdar yerlərdən hesab olunur: " Həmin görüntülərə mən də baxdım. Dəllallar bu vəziyyətdən istifadə edib, qazanclı çıxırlar. Hər səhər demək olar ki, bu iyrənc mənzərənin şahidi oluruq. Qoca, xəstə heyvanları bazara gətirib, qəssablara verirlər. Özünüz düşünün, ətin kiloqramı normalda 11-12 manatdır. Bu bazarda isə 6-7 manata ət satırlar. Doqquz manata belə satılsa, onun təmiz ət olması inandırıcı ola bilməz. Axı, rayonlarda mal və qoyun əti bahalaşıb. Bunu 2 il öncə satsaydılar, bir az inandırıcı olardı.

Hər bazarda olduğu kimi 8-ci kilometr bazarında da ətin keyfiyyətinə nəzarət edən baytarlar var. Onların işi gətirilən ətlərə nəzarət etmək və onları yoxlamaqdır. Həmin baytarlarla görüşüb, məsələyə aydınlıq da gətirməyə çalışdıq. Lakin onların bazarın harasında oturduğunu dəqiqləşdirə bilmədik.

Bazarın adının çəkilməsini istəməyən mühafizəçisi də bizimlə söhbətində ət bazarından məhsul almağı məsləhət bilmədi: "Mən buradan ət almağı heç kimə tövsiyə etməzdim. Biz bütün prosesin şahidi oluruq. Səhər saat 5-6 arasında buraya ətlər gətirilir, qəssablar arasında bölüşdürülür. Onların arasında ölmüş heyvan leşləri ilə yanaşı, xaricdən gətirilən zebra əti, at əti də olur. Əsasən yaşlı heyvanların əti gətirilir".

Məsələ ilə bağlı Respublika Baytarlıq İdarəsinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladıq. O, "Yeni Müsavat"a danışarkən bu məsələdən xəbərdar olduğunu və bununla bağlı tədbir görüldüyünü vurğuladı: " Bu məsələdən sonra bizə məlumat verdilər ki, oraya gətirilən ətlər Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən sexdən, sahibkarların təsərrüfatlarından gətirilib. Həmin heyvanlar baytarlıq laboratoriyasında müayinədən keçirilir və həmin ətlərin satışına icazə verilir. Yəni həmin ətlərdə insan sağlamlığına zərər verəcək hal aşkar edilməyib.

Y.Xanvəli ətlərin daşınmasının sanitar qaydalara uyğun olmadığını vurğuladı: "Əslində həmin ətlər soyuducu kamerası olan avtomobillərdə olmalıdır. Bu cür hallar sanitar tələblərinə uyğun gəlmir. Bununla əlaqədar həm bazar rəhbərliyinə, həm də sahibkarlara xəbərdar etmişik. Təmizlik, piştaxtaların yuyulmasını isə sahibkarlar özləri aparmalıdır. Əsas bazarın nəzarətçiləri buna diqqət etməlidirlər. Ehtiyac olarsa baytarlar tərəfindən dezinfeksiya işləri aparılmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Yeni Müsavat"a açıqlamasında bu cür halların baş verməsinin qida təhlükəsizliyi ilə bağlı qanunun olmaması ilə əlaqələndirdi: "Bütün bu xoşagəlməz hallar bu sahədə qanunların zəif olmasından irəli gəlir. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Təsadüfi deyil ki, ölkə prezidenti qida təhlükəsizliyi agentliyinin yaradılması barədə fərman imzalayıb, artıq iş gedir. Gələn ilin yanvar ayından agentlik işə düşməlidir. İşçi qrupunun rəhbəri kimi Əli Əhmədov təyin olunub. Mən ictimaiyyətin səsini eşitdirmək üçün ona rəsmi məktub yazdım. Çox təəssüflər olsun ki, dövlət qurumları ictimaiyyətin fikrini öyrənməyə çalışmırlar.

Qeyd edək ki, qidanın təhlükəsizliyi ilə bağlı qayda yoxdur. Bu səbəbdən də paytaxt ərazisinə təhlükəli mallar və ətlərə rast gəlirik. 20 ilə yaxındır ki, "leşyığanlar" şəbəkəsini ifşa etmək istəyirik. Nail ola bilmirik. Yalnız ötən il Daxili İşlər Nazirliyi yoxlanış apardı və əsas"leşyığanlar şəbəkəsini ifşa etdi. Bəzən baytarlıq idarəsi elan edir ki, ad yazmaq şərti ilə at və eşşək əti satmaq olar. Biz bununla razı deyilik. Bu ətlər yeməli ət deyil, satılmamalıdır. Ən acınacaqlı vəziyyət murdar olmuş heyvan ətlərini satanlardır. Heyvan murdar olan zaman leş alverçiləri yerindəcə 50 qəpikdən alıb, paytaxta daşıyırlar.