Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtərdə məcburi köçkünlər üçün inşa olunan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
Unikal.org-un məlumatına görə, baş nazirin müavini yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, tapşırıqlar verib.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyən Ə.Həsənov Prezident İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində apardığı işlərin öz bəhrəsini verəcəyinə, bütün məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edib.
Qeyd edək ki, layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa ediləcək. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaqdır. Yaşayış məhəlləsi qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur.