"Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq".
Unikal.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bəyan edib.
Prezident ermənistanın məcburiyyətini bu sözləri ilə əsaslandırıb: "Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Çünki status-kvonu Ermənistan dəyişdirməlidir. Onlar işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq".