Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin ali kateqoriyalı ingilis dili müəllimi Əbülfət Alışov pedaqoji işçilərin diaqnostik qiymətləndirilməsinə buraxılmamasından şikayətçidir.

Unikal.org xəbər verir ki, problemlə əlaqədar Modern.az-a açıqlama verən müəllim təhsil naziri Mikayıl Cabbarovdan yardım istədiyini bildirib. Müqavilə ilə məktəbdə ingilis dili müəllimi işlədiyini deyən Ə. Alışov bildirib ki, vaxtilə dərs dediyi şagirdləri indi onun ixtisası üzrə ölkənin müxtəlif yerlərində ingilis dili tədris edirlər: "Bu il bir sıra rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilir. Cəbrayıl rayonunun təhsil işçiləri də bu prosesə hazırlaşırlar. Bu günlərdə gözləmədiyim halda məlum oldu ki, hazırda işlədiyim Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin direktoru A.Allahverdiyev mənim adımı diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin siyahısına daxil etməyib. O da məlum oldu ki, direktor siyahıya yaşca məndən də böyük olan müllimlərin adını salıb, bu isə onun şəxsimlə bağlı qərəzli mövqe tutduğunu deməyə əsas verir.

Məsələni bir qədər də araşdıranda öyrəndim ki, məktəb direktoru hətta diplomu olmayan və arayışla məktəbdə ingilis dilini tədris edən müəllimi də diaqnostik qiymətləndirmədə iştirak edəcək pedaqoqların siyahısına salıb.

Hazırda məcburi köçkün kimi Biləsuvar rayonu ərazisindəki Cəbrayıl qəsəbəsində yaşadığını bildirən müəllim nazirə müraciət edərək problemin həll olunmasını istəyib.