Bu gün ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Seymur Qulamhüseyn oğlu Baxışovun Sumqayıtda yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Unikal.org-un  məlumatına görə, tədbirdə şəhid Seymur Baxışovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğu diqqətə çatdırılıb. Çıxış edənlər bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını dilə gətiriblər.

Sonra şəhidin yaxınları birlikdə lövhənin üzərindən örtüyü götürüblər. Lövhənin önünə iştirakçılar tərəfindən tər gül dəstələri qoyulub. Tədbir şəhidin məzarı önündə davam etdirilib.

Qeyd edək ki, Seymur Baxışov ötən ilin aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.