"Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız".

Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə deyib.

O qeyd edib ki, tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb:

"Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq.

Bir azdan sonra mütəxəssislər bizə bu sahədə ən qabaqcıl texnologiyalar haqqında məlumat verəcəklər. Mən əminəm ki, bu addımlar atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün, Vətən üçün daha da böyük işlər görəcəksiniz.

Sonda mən sizə və sizin şəxsinizdə bütün Azərbaycan əsgərlərinə bir daha dərin hörmətimi çatdırıram. Sizə uğurlar arzulayıram".