Aprelin 5-də İstanbulda Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun təşkilatçılığı ilə 20-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.
Unikal.org bildirir ki, bir neçə dövlət başçısının, nazirlər, hökumət nümayəndələri, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, KİV və QHT nümayəndələrinin iştirakı ilə keçirilən Zirvədə Azərbaycan geniş tərkibdə nümayəndə heyyəti ilə təmsil olunur.
Türkiyənin dövlət himni səsləndirildikdən sonra XX Avrasiya İqtisadi Zirvəsində Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair maraqlı kadrlar da yer alıb.
Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrik məktubu oxunub. Təbrik məktubunda bildirilir ki, artıq Marmara Qrubu Strateji və Sosial Araşdırmalar Fondunun təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Diqqətə çatdırılır ki, Azərbaycan uzun illərdən bəridir, region dövlətləri arasında münasibətlərin inkişafı, ölkələrin iqtisadi potensialının, təbii ehtiyatlarının, nəqliyyat və loqistika imkanlarının əməkdaşlıq və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz "Cənub qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi -Qars dəmir yolunun inşaası artıq yekunlaşmaq üzrədir. Vurğulanır ki, Avrasiya məkanında sosial rifahı, əməkdaşlığı və sabitliyi təhdid edən amillərdən biri həll olunmamış münaqişələrdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi indiyədək ölkəmizin inkişaf yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın 20 faizdən artıq ərazisini işğal etmiş, etnik təmizləmələr və soyqırımılar törətmişdir.
Azərbaycan energetika naziri Natiq Əliyevin sədrliyi ilə açılışı olan Zirvədə Marmara Qrubu Strateji və Sosial Araşdırmalar Fondunun sədri, Dr. Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük əhəmiyyət verməsindən danışıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli elan edilməsinin əhəmiyyətindən danışan məruzəçi vurğulayıb ki, Zirvənin bir panelinin İslam həmrəyliyi mövzusuna həsr olunması Azərbaycan dövlət başçısının mövqeyinə dəstəkdir. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasəti beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı sülhsevər dünya ictimaiyyətinə çağırışlar edib.
Sonra Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlar, Fas Kraliyət Naziri Youssef Amrani, Sloveniyanın keçmiş prezidenti Alenka Bratusek, Rumuniyanın keçmiş prezidenti Victor Ponta, Albaniya Prezidenti Bujar Nishani, Bosniya və Hersoqovinanın prezidenti Mladen İvanic, Makedoniyanın prezidenti Gjorge İvanov, Kosovanın dövlət Naziri Mahir Yağcıların çıxışları olub.
Qeyd edək ki, iki gün davam edəcək Zirvənin bir paneli İslam həmrəyliyi mövzusuna həsr olunub.
Ayrıca zirvə toplantısında Marmara Qrubu Strateji və Sosial Araşdırmalar Fonduna üzvlüyünün 10-cu ilində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevə medal təqdim ediləcək.
Anar Əsədov
İstanbul