Unikal.org Azərbaycandakı iqtisadi durum, aparılan islahatlar və gündəmdə olan digər məsələlərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimlinin "Bizim Yol" qəzetinə müsahibəsini təqdim edirik.
- Əli müəllim, Azərbaycan Cənub Qaz Dəhlizi üzrə aktivlərini dövlət zəmanəti ilə beynəlxalq maliyyə bazarlarına yerləşdirib və bununla da 1 milyard dollar borc cəlb edib. Beləliklə ölkənin xarici borcunun ÜDM-də çəkisi 23 faizi keçib. Bu vəsaitin qaytarılması üçün Azərbaycan hər il 68 milyon dollar vəsait ödəməlidir. Ekspertlər hesab edirlər ki, belə bahalı borclanmaya getməkdənsə, Neft Fondunun vəsaitlərindən istifadə etmək daha sərfəli idi. Siz necə düşünürsünüz?
- Hesab edirəm ki, belə məsələlərə birtərəfli yanaşmaq düzgün olmaz. Həm əlverişli şərtlərlə borca getmək, həm istiqrazların yerləşdirilməsinə getmək, həm konsorsiumda iştirak edən digərlərinin dəstəyindən istifadə edib əlavə vəsaitlər cəlb etmək lazımdır. Müəyyən qədər də Neft Fondunun vəsaitindən istifadə etmək olar. Bu variantların birində uduşumuz daha çox olacaq, birində orta həddə, digərində isə dediyiniz kimi faiz dərəcələri yüksək olacaq. Azərbaycanın indiki şəraitində bu ölkəyə ucuz kredit verilməsi ehtimalı çox aşağıdır. Çünki beynəlxalq kataklizmlər əksər ölkələr kimi Azərbaycana da ciddi zərbə vurur. Üstəlik, neftin qiymətinin kəskin aşağı düşməsi göstəricilərə mənfi təsir göstərir. Milli valyutanın dayanıqlığı məsələsi hələ də xeyli dərəcədə sual altındadır. Belə bir şəraitdə kimlərinsə aşağı faizlə kredit verməsinə ümid etmək olmaz. Amma hansılar ki, müəyyən dərəcədə məqbul hesab edilir, o variantların hamısından kompleks şəkildə istifadə etmək lazımdır ki, birində uduzanda o birisində udasan, yaxud da orta variantlara üstünlük verəsən. Üstəlik, Neft Fondundan da müəyyən qədər vəsait götürəsən. Amma bütün ağırlığın Neft Fondunun üzərinə atılması da düzgün olmaz. Bu sistem xarakterli məsələ olduğuna görə sistemli yanaşmaq lazımdır. Burada müəyyən dərəcədə risklər də, uduşlar da var.
- Milli valyutanın durumuna da toxundunuz. Son günlərdə manatın dollar qarşısında möhkəmlənməsi müsahidə olunur. Bu, Mərkəzi Bank tərəfindən süni şəkildə tənzimlənir, yoxsa təbii möhkəmlənmədir?
- Ötən il dekabr ayının 21-də manatın 48 faiz devalvasiyaya uğraması ilə paralel olaraq Mərkəzi Bank elan etdi ki, "üzən məzənnə"yə keçirik. Təbii ki, "üzən məzənnə"yə keçmək yaxşıdır. Amma bu keçid bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanır. Yəni bazarda valyutaya olan tələb-təklif əsasında proses gedir və buna əsasən milli valyutanın - manatın məzənnəsi formalaşır. Baxmayaraq ki, biz "üzən məzənnə"yə keçmişik, azı bir gün, bayram və qeyri-iş günlərində isə bir neçə gün əvvəl növbəti günün məzənnəsi elan edilir. Deməli, bir tərəfdən "üzən məzənnə" deyirik, o biri tərəfdən isə məzənnə müəyyənləşdiririk. Ona görə də hələlik Azərbaycan manatının beynəlxalq təcrübədən bildiyimiz "üzən məzənnə" rejiminə tam keçməsi barədə düşünə bilmərik. Çünki bunun arxasında həm neftdən kənar məhsul, həm də həmin məhsullar xaricə satılan zaman gələn 10 milyard dollarlarla ölçülən valyuta durmalıdır. Hələlik bu yoxdursa, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) stavkalarındakı dəyişikliklər birbaşa olmasa da, dolayı yollarla təsir edəcək. Neftin qiyməti 50 dollar olanda elə bir ciddi təsir göstərməyəcək, amma 60-70 dollar olsa, manata müsbət təsir göstərəcək. Neftin qiyməti 40 dollardan aşağı düşəndə isə yenə də manatın uzuclaşması gedəcək. Hətta 40 dollar qaldığı halda da manatın ucuzlaşması davam edəcək. Amma ziqzaqlar olacaq. Tutaq ki, bir həftə dollara nisbətdə 1-2 qəpik manatın xeyrinə möhkəmlənmə olacaq, o biri həftə əksinə, dollar bahalaşacaq. Amma ümumi proses manatın ucuzlaşması istiqamətində gedəcək.
- Bu günlərdə Prezident yeni struktur islahatları ilə bağlı sərəncamlar imzaladı. Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirildi, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri ləğv olunaraq regional idarələr yaradıldı. Bundan əvvəlki aylarda da belə islahatlar aparılıb. Ancaq bu proses bir çox insanların iş yerlərini itirməsi ilə nəticələnir. Struktur islahatları çərçivəsində ixtisara düşən insanların sosial müdafiəsi ilə bağlı hansı tədbirlər görülməlidir?
- Ciddi islahatlar aparmaq üçün bir tərəfdə islahatlar paketi olmalıdırsa, digər tərəfdən islahatların qarşısında duran maneələrin aradan qaldırılması üçün addımlar atmaq lazımdır. Üçüncüsü, islahatları bilavasitə əhaliyə çatdırmaq lazımdır ki, nələr edilir. Bu üç məsələ bir birini tamamlayan zaman dördüncü məqam ortaya çıxır ki, islahatlar xalq tərəfindən dəstəklənir. Buna nail olmaqdan ötrü islahatlara gedən zaman yaranan narazılıqların aradan qaldırılması istiqamətində paket hazırlayaraq həyata keçirmək lazımdır. İxtisarlar nəticəsində müəyyən insanların işsiz qalması ilə bağlı dediyiniz məsələ də dediyim dördüncü məqamın tərkib hissəsidir. Ona görə də bu təkcə ixtisara düşən şəxslərə hansısa müavinətlərin verilməsi şəklində olmamalıdır. Bu problem təkcə dövlət qurumlarında ixtisarlarla bağlı deyil, istehsalın aşağı düşməsi də var, dünyada gedən proseslərin Azərbaycana təsirləri gücləndikcə bir sıra müəssisələr ya yarı güclə işləyir, ya da qapadılır. Beləliklə, bu sahədə də insanlar işdən kənarda qalır. Üçüncü amil odur ki, bu təsirlər təkcə Azərbaycanı deyil, Rusiyanı, Ukraynanı və digər ölkələri də tutduğuna görə kənardan da ölkəyə qayıdanların sayı artır. Ona görə də bir məqsədli proqram hazırlamaq lazımdır ki, həm struktur islahatları həyata keçirilən zaman ixtisara düşən insanların imkan varsa müəyyən yerlərdə yerləşdirilməsi, bu, mümkün deyilsə, onları razı salan kompensasiyaların ödənilməsi mexanizmi işlənib hazırlanmalıdır. Yəni onlara 70 manat yox, əməlli-başlı müavinət vermək lazımdır. Kimlərsə rayona qayıdırsa, orada qalıb işləyəcəksə, dövlətin, bələdiyyənin əlində olan istifadəsiz torpaqlardan onlara vermək olar. Əgər bir il ərzində özünü yaxşı göstərsə, növbəti ildən ona qrantlar və sair formalı vəsaitlərlə dövlət dəstəyi vermək mümkündür. Həmçinin bu istiqamətdə qanunvericilikdə yaxşı bir dəyişiklik də var. Yəni sərmayə qoyanlar 7 il müddətinə torpaq, gəlir, mənfəət vergisindən, həmçinin bu müddət ərzində gətirdiyi texnika da ƏDV-dən azad edilir. Xaricdən qayıdanların da bir neçə faizinin əlində pul olacaq. Bu qanunvericiliyin üstünlüklərindən istifadə edərək, bu insanları həmin sahəyə yönəltmək lazımdır ki, sərmayə qoysun. Əlində pul olmayanlara isə 150-160 manatlıq deyil, sözün əsl mənasında ailəsinə çatacaq qədər maaşı olan iş yerləri ilə təmin etmək lazımdır. Struktur islahatları getməsə, bu ağırlıqda hakimiyyət aparatı ilə irəliyə doğru getmək həddindən artıq çətin olacaq. Struktur islahatları gedən zaman onun ağrısını minimuma endirmək üçün təklif etdiyim proqram hazırlanmalı, onun maliyyə təminatı, təşkilati tədbirləri, lazımdırsa qanunvericilik dəyişiklikləri ilə birlikdə hüquqi təminatını hazırlayıb işə salmaq lazımdır.