Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən bədii filmin tizeri yayımlanıb.

Unikal.org teleqraf.com-a istinadənxəbər verir ki, 2015-ci ildən bəri hazırlıqları davam edən filmin istehsalı Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişinə cəhdlə bağlı təxirə salınmışdı.

Türkiyənin "İST Film şirkətinin istehsalı olan filmə Azərbaycanlı və Türkiyədən olan rejissorlar quruluş verəcək. İstehsalçı şirkət filmin Azərbaycan və Türkiyə müştərək istehsalı olacağını hələlik bildirməyib.

"İST Film çəkilişlərin böyük əksəriyyətinin Azərbaycanda aparılacağını bildirib. Film 2018-ci ildə ekranlara çıxacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət "İnter Sekyuriti MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.

Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.