"Azərbaycanda uşaqların  icbari dispanserizasiyası" haqqında qanun 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə edir.
 
Unikal.org xəbər verir ki, APA-nın xəbərinə görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev Azərbaycanda uşaqların icbari dispanserizasiyasının monitorinqinin nəticələri barədə hesabatında qeyd edib ki, ötən il Azərbaycanda uşaq əhalisinin 92 %-i icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Onun sözlərinə görə, müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb: "Keçən il ölkənin 39 rayonu üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib. Bunların 9 237-si sağlamlıq imkanları məhdud uşaqlar, 574-ü valideyn himayəsindən məhrum uşaqlar, 24-ü isə cəzaçəkmə müəssisəsində olan uşaqlar olub. Müayinə nəticəsində 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri,  5 039-da qan və qanyaradıcı orqanların xəstəlikləri, 3 121 nəfərdə mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2 687-də endokrin sistemi xəstəlikləri, 2 617-də həzm sistemi xəstəlikləri, 2 452-də göz və göz aparatının xəstəlikləri, 1 954-də ürək qan-damar sistemi xəstəlikləri, 1 386 -da dayaq-hərəkət sistemi xəstəlikləri, 931-də sidik-cinsiyyət sistemi xəstəlikləri, 722-də dəri və dərialtı toxumanın xəstəlikləri, 134-də psixi və davranış pozuntuları, 53-də isə onkoloji xəstəliklər aşkar olunub. Uşaqların sağlamlıq qrupları üzrə bölünməsinə gəlincə, I qrup 457 618, II qrup 211 953, III qrup 31 867, IV qrup üzrə 17 430, V qrup üzrə isə 12 087 nəfər olub".