Mərhum xalq artisti İlhamə Quliyevanın həbsdəki köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı "Yeni Müsavat"a məktub yollayıb.
Unikal.org xəbər verir ki, məktubdan aydın olur ki, M.Hüseynovanın həbs müddəti 3 ay da uzadılıb: "Növbəti məhkəmə may ayının ortalarında olmalıdır. Bu müddət ərzində həyat yoldaşım Mehriban Hüseynovanın ev dustaqlığına buraxılması üçün vəkillə birlikdə baş prokurorun I müavini Rüstəm Usubovun qəbulunda olduq. O bildirdi ki, müraciətinizi baş prokurora çatdıracaq. Lakin hələlik bu haqda bir xəbər yoxdur. Yaxın günlərdə bu məsələ öz həllini tapmasa, yenidən baş prokurora və cənab prezidentə müraciət edəcəyik. Hazırda istintaq gedir. Ekspertlər tərəfindən telefon danışıqları, səsyazmalar hərtərəfli dinlənilib araşdırılır. Qarşı tərəflərin də cinayətləri sübut olunarsa, onlar da istintaqa cəlb olunacaq və bu gözlənilir də. Çünki onlar məndən 45 min manat təzminat istəklərini və həyat yoldaşımı öldürmək sifarişini də məhz telefon vasitəsilə bildiriblər. Əminəm ki, istintaq bunları üzə çıxardandan sonra əsl cinayətkarlar da haqlı olaraq öz cəzalarını alacaqlar. Bu işdə əli olanlardan biri Vüqar Bəkirovdur. O, Orxan Nadirovla birlikdə başqa bir cinayət işinə görə artıq həbs olunubdur. İstintaq qurtarandan sonra hər şey bəlli olacaq. İnanıram ki, istintaq bütün qaranlıq məqamlara tam aydınlıq gətirəcək".
M.Hüseynovanın həyat yoldaşı qeyd edir ki, əvvəllər mətbuata yazılar göndərilərkən bəzi qeyri-dəqiqliklərə yol verilib. Xüsusən yazılar səhvən onun adından deyil, M.Hüseynovanın adından dərc olunub: "Bundan əvvəlki yazılarımda həyat yoldaşım Mehriban Hüseynovanın üzləşdiyi qanunsuzluqları yazmışam. Bildirim ki, əvvəlki saylarda verdiyim yazılar, sadəcə olaraq, səhvən Mehriban Hüseynovanın adından getmişdir".