Əks cinslərin sirləri
12:57 12-07-2012
İQTİSADİYYAT
Əks cinslərin sirləri
Psixoanaliz təliminin banisi sayılan Ziqmund Freyd deyirdi ki, heç
bir kişi yatmaq istəməyəcəyi bir qızla dost olmaq istəməz.
Bu deyim illərdir öz aktuallığını itirmir, ən çox müzakirə edilən mövzular siyahısındadır. Əks cinslərin dostluğundakı problemlər isə hər gün bir az da qabardılır. Maraqlıdır, kişi və qadının dostluğu həqiqətən problemlidirmi?
Qadın-kişi dostluğu mümkündür?
Psixoloqların ümumi rəyinə görə, ailəsindən kifayət qədər qayğı görməyən, valideynləri ilə münasibətlərində sərhəd olan gənclər dosta ehtiyac duyur və ruhuna, düşüncəsinə ən yaxın olan biri ilə münasibət qururlar. Bu, çox vaxt həmcinsi olsa da, bəzən qarşı cinsdən də olur. Qız və oğlanın dostluğu beləcə yaranır.
Dünyanın ən məşhur sosioloqları deyirlər ki, qadınla kişinin yoldaşlığı kəpənəyin odla rəqsi kimidir. Ətrafında fırlanar, fırlanar və sonra od onu yandırar. Bəzən qadın və kişi dostluğunu od və barıt ilə də ifadə edirlər.
Aramızda elə insanlar var ki, uzun müddət dostluq etdiyi qadınla və ya kişi ilə evlənib. İllərdir dost olan insanların bir-birinə olan əsil münasibəti evlilik zamanı bilinir. Dost olduqları müddətdə aralarında heç bir problem olmayıb, evləndikdən sonra ilk aydaca aralarında gərginlik yaşanır.
Bunları deməkdə məqsədimiz odur ki, əks cinslərin dostluğunda tərəflər əksər hallarda tam səmimi olmur, ya qadın kişidən nəsə gizləyir, ya da kişi qadından. Çünki qarşı cinslərin dostluğu zamanı 100 faizli səmimiyyət mümkün deyil.
Şərq cəmiyyətində minillər ərzində formalaşmış stereotiplərə görə, qadın və kişinin dostluğu yalnız ailədə ola bilər. Başqa sözlə, ən ideal dostlar ər-arvaddır. Bizdə ərə və ya arvada "həyat yoldaşı" deyilməsi də bu aspektdən baxışla formalaşıb.
Əks cinslərin dostluğu
təhlükəlidir yoxsa yox?
Sosioloq Naib Allahverdiyev deyir ki, Azərbaycan cəmiyyətində qızla oğlanın tam səmimi dostluğu qeyri-mümkündür: "Bütün zamanlarda bizim cəmiyyətdə qadınla kişinin dostluğu mənfi hal kimi qəbul olunub. Dünyada əxlaqi dəyərlərin deformasiyaya məruz qaldığı, tez-tez dəyişdiyi bir vaxtda bizim cəmiyyət də təbii olaraq dəyişməyə meyllidir".
Sosioloq deyir ki, bir çoxumuz Qərbi əlimizdə bayraq edib ona oxşamağa, insanları kimi davranmağa, adətlərini mənimsəməyə çalışırıq. Bu, eynilə qadın-kişi dostluğunda da keçərlidir. Bizim gənclik də filmlərdə gördüyü həyata can atır, gündəlik yaşayış tərzini Qərb dəyərləri ilə uyğunlaşdırır.
Psixoloq Elnur Bayramov isə əks cinslərin dostluğunda hər hansı bir təhlükə görmədiyini deyir: "Təbii ki, əgər bu dostluq səmimiyyət üzərində qurulubsa, təhlükə yoxdur. Yox, əgər başqa bir məqsədlə dostluqdan istifadə olunursa, sonradan bu münasibət korlana bilər. Dostluq münasibəti qurulduqdan sonra sevgi münasibətləri də yarana bilərsə, bu, daha yaxşıdır, çünki dostluq üzərində qurulan ailə daha davamlı, uzunömürlü və rahat olur. Ona görə ki, tərəflər bir-birini daha yaxşı tanıyır".
Eynicinsli dostluqların
ömrü az olur?
Psixoloqlar bildirirlər ki, həm qadınlar, həm də kişilər öz cinsləri ilə dostluq edərkən istər-istəməz paxıllıq hissinə yiyələnirlər və içlərində rəqabət hissi olur. Bu hiss qarşı cinslə dostluq edənlərdə olmur. Xüsusilə qeyd edək ki, ən yaxşı dostluq uyğun mühitdə yaranan dostluqlardır. Təsadüfi deyil ki, eyni səviyyəli ailələrin övladı olan, təhsil səviyyəsi eyni olan, dünyagörüşündə uyğunluq olan insanların dostluqları uzunömürlü olur. Bir çoxumuzun məktəb illərindən bəri yoldaşlıq etdiyimiz dostlarımız var.
Çox qəribədir ki, kişilər qadınlar, qadınlar isə kişilər arasında səmimi dostluğa inanmırlar. Həmçinin, hər iki cins də qadınla kişinin dostluğuna müəyyən şübhə ilə baxırlar.
Əgər konkret olaraq fikrimizi ifadə etsək, "dostluq - cinslə bağlı anlayış deyil" qənaətinə gələ bilərik. Qadın və ya kişi dostluğu mümkündür, amma tərəflərin bir-birindən maksimum sirr gizlətmədiyi, səmimi olduğu zaman. Qarşı cinslə dostluq edənlər isə, bunu reallaşdırmaqda çətinlik çəkirlər.
Bəzən də deyirlər ki, hər bir qadın, kişi ilə olan dostluğu zamanı kişinin ona hiss etdirmədən yaxınlıq arzu etdiyinin fərqindədir. Bunu bilmədiyini deyən qadın ya həddindən artıq saf və təmizdir, ya da "çoxbilmiş"dir.
Qadınlar niyə kişilərlə
dost olmağı seçirlər?
Qadınların böyük əksəriyyəti kişilərlə daha yaxşı "yola gedirlər". Çünki onlarla aramızda qısqanclıq olmur, gözəllik və geyim yarışı olmur. Amma əks cinslərin dostluğu əksəriyyət tərəfindən səhv başa düşülür, bir kişi ilə bir qadını yan-yana görənlər dərhal dedi-qodu etməyə, haqlarında min cür yalan uydurmağa başlayırlar.
Qadınlar, xüsusilə də gənc qızlar çox vaxt öz yaşıdları olan həmcinsləri ilə çox məsələdə razılaşa bilmirlər, çünki istər-istəməz araya qısqanclıq və rəqabət girir. Bəzi qızlar rəfiqəsinin özündən daha gözəl olmasını qəbul edə bilmir, onun daha çox diqqət mərkəzində olmasından qıcıqlanır, onu başqalarının yanında gözdən salmağa çalışır. Bu cür münasibətə məruz qalan qızlar dostluq üçün həmcinslərinə deyil, əks cinsə daha çox güvənirlər. Kişilərlə dostluq edən qadınlar deyirlər ki, kişilərlə yola getmək daha rahatdır, çünki açıq fikirlidirlər və dəqiqliyi sevirlər.
"Qadınla kişinin səmimi
dostluğu ola bilər, amma..."
Müsahibim Xatirə də uzun müddətdir əks cinslə dostluq etdiyini deyir: "İki oğlan dostum var, orta məktəbdən dostluq edirik, dostluğumuzun 11 ilini yola saldıq. Çox razıyam hər ikisindən. Ümumiyyətlə, qarşı cinslə dostluq etmək yaxşıdır, amma o təmiz və dürüst adam olmalıdır ki, qadının inamından sui-istifadə etməsin.
Həyat yoldaşınız və ya sevgilinizlə aranızda olan problemləri ona söyləyə və ondan məsləhət istəyə bilərsiniz. Çünki o da bir kişidir və qadın olduğunuz üçün siz həyat yoldaşınızın və ya sevgilinizin düşüncəsini tam olaraq anlaya bilmirsiniz".
Müsahibim deyir ki, kişi dostunuz sizi ittiham etmir, sözünü düz üzə deyir və "saman altdan su yeritmir": "Hadisələrə fərqli gözlə baxdıqları üçün problemlərinizi həll etməkdə sizə köməyi dəyə bilər. Qadınlardan daha optimist olduqları üçün onlarla vaxt keçirmək sizin də əhvalınızı yaxşılaşdırır. Hər halda, mən bu yolu keçmişəm və dediklərim realdır. Amma deyim ki, qadının dostluğundan istifadə edib, onu yoldan çıxaranlar daha çoxdur".
Bütün hallarda yaxşı dost ömrümüz boyu ehtiyac duyduğumuz bir fiqurdur. Bu, kişi olsun, qadın olsun - fərq etməz. Qəlbimiz və hissimiz bizə kimin daha yaxşı dost olacağını pıçıldayır, hissimizə güvənək və bizim üçün ən yaxşı dostu seçməsinə imkan yaradaq. Amma hissimizin seçiminə ağlımızla nəzarət edək.
Lalə Mehralı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40