Bakı şəhərində həmişə yollar tıxacdan, insanlar isə bu tıxacın törətdiyi narahatçılıqdan əzab çəkirlər. Şəhərin elə yerləri, yol kəsişmələri var ki, bura səhər saatlarından axşama qədər tıxac olur. Belə istiqamətlərdən biri də "20 yanvar metrostansiyası yaxınlığıdır. 

"Şamaxinka adlanan ərazidən düz "20 yanvar və Tbilisi prospekti, eləcə də, 3-cü mikrorayon istiqamətində gedən yollar keçilməz cəngəllikləri xatırladır. Hətta bəzən insana elə gəlir ki, həmin yollarda heç vaxt boşluq olmayacaq. Lakin bir neçə vaxt öncə bu fikirlərin tamam səhv olduğunun şahidi olduq. Ərazidə yol polislərinin keçirdiyi reydlər və nəzarət nəticəsində adı sadalanan yollarda nizam-intizam hökm sürdü. Yol kənarlarında dayanan taksilər yığışdırıldı. Piyadalar ədəb-ərkanla keçidlərdən istifadə etdilər. Hətta "islaholunmaz kimi tanınan avtobus sürücüləri dayanacaqlarda normal saxladılar. Dayanacaqdan kənar sərnişin mindirib-düşürtmədilər. Bir sözlə, sanki "20 yanvar ərazisi deyil, mədəni svilizasiyanın inkişaf etdiyi yollar müşahidə olunmağa başladı. Çox təəssüf ki, bu xoşbəxtçilik ömürlük olmadı. Nəhayət ki, "20 yanvar ərazisi yenə də öz əvvəlki bataqlıq halına qayıtdı. 

Unikal.org xəbər verir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ölkə.az-a açıqlamasında bunun günahının sürücülərdə olduğunu bildirib. Qurum rəsmisi də etiraf edir ki, həmin istiqamətdə yol polisi olmadıqda vəziyyət gərginləşir.

"Elə bil paraşütlə yerə desantlar tökülür və hər şey qaydasına düşür. Desant olmayanda ərazi bataqlığa çevrilir. Təbii ki, bu zarafatdır. Həmişə müsahibələrdə və jurnalistlərin suallarını cavablandıranda qeyd edirəm ki, bizim mental xüsusiyyətlərimizlə bağlı doğrudan da təhlükəli vərdişlərimiz var. Bu vərdişlərdən biri də, polis olmadan öz hərəkətlərimizi tənzimləyə bilmirik. Sankı bu bizim adətimizə çevrilib. Hələ də bir çoxunun düşüncəsi belədir. Öz şəxsi mənafeyini üstün tutan sürücülər var. Sürücü var ki, müxtəlif vaxtlarda eyni xətanı, eyni yerdə törədib. Dayanma-durma tələblərini pozan, taksi fəaliyyətilə məşğul olan sürücülər arasında ay ərzində 4 dəfə məsuliyyətə cəlb edilənlər var, - deyə V.Əsədov deyib.

Palkovnik hesab edir ki, təbliğat işlərinin aparılması həmin adət-ənənələrə də son qoyulacaq:

"Gündəlik cəza tədbirlərinin seçilməsi, onların tətbiq edilməsi yavaş-yavaş müsbət göstəricilər əldə etməyə imkan verir. Əgər əvvəllər, gün ərzində dayanma-durma ilə əlaqədar mindən artıq protokol tərtib edirdiksə, indi bu rəqəm 700-ə enib. Artıq sürücülər problemin ciddiliyini anlayırlar və yavaş-yavaş qaydalara əməl etməyə başlayıblar. Olduqca nümunəvi sürücülərimiz də var. Çox təəssüf ki, bəzi intizamsızlığa meyilli olan və çörək pulu qazanmaq adı ilə yolların hərəkət hissəsində maşın saxlayan taksi sürücüləri var. Onların hesabına yollarda ləngimələr olur. Bu istiqamətdə yol polisi tədbrlər görürlər.

V.Əsədov deyir ki, Bakı şəhərində yol hərəkəti ilə əlaqədar xeyli sayda müsbət göstəricilər əldə edilib: "Vaxtı ilə baş verən qəzaların 50 faizdən çoxu sürət həddinin aşılması səbəbindən olurdusa, indi bu göstərici 30-32 faizə enib.

Hərəkətin ən gur yeri olan "20 yanvar diarəsində vəziyyəti düzəltmək üçün nə etmək olar?

Vaqif Əsədov bunun çıxış yolunu ancaq mütəmadi olaraq təbliğat işlərinin aparılmasında görür:

"Düşünürəm ki, insanların şüuruna təsir edəcək dərəcədə o qədər təbliğat aparmaq lazımdır ki, hər kəs başqasının hərəkətinə mane olmamağı anlamalıdır. Bunu bəzilərinin şüuruna yeritməliyik. Son zamanlar sosial şəbəkələr vasitəsilə yayımlanan və yazılan informasiyalara baxanda görərik ki, qanunların icrasına nəzarət getdikcə gücləndirilir. Köhnə adət-ənənələrlərlə bağlı olan xüsusiyyətlər aradan qaldırılır. Kimliyindən asılı olmayaraq, qayda pozanın məsuliyyətə cəlb edilməsi növbəti baş verə biləcək xətaların qarşısını alır. Baş verən qəzaların, ölüm hallarının azalması, törədilən inzibati xətaların və buna meyilli insanların qayda pozmalardan çəkinməsi yol polislərinin gördüyü işlər, eləcə də, KİV nümayəndələrinin təşkil etdiyi təbliğatın nəticəsidir.